Bunu Azvision.az -a açıqlamasında millət vəkili Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, təhsilin inkişafı, düzgün qurulması hər bir cəmiyyətin taleyüklü məsələsidir. Onun sözlərinə göə, başqa sahələrindən fərqli olaraq, təhsildə buraxılan nöqsanların nəticələri ayrı-ayrı fərdlərə deyil, birbaşa cəmiyyətə zərbə vurur:
“Gənc nəslin dünyagörüşünün formalaşdırılması, onların təlim və tərbiyəsinin düzgün təşkil edilməsinin yolu buradan keçir. Məhz bunun üçün təlim-tərbiyə ilə yanaşı dərsliklər milli məqsədlər, mənafelər əsasında qurulmalıdır. Özəl nəşriyyatlar tərəfindən çap edilən dərs vəsaitləri isə bəzən xalqımızın, millətimizin tarixinə, mənəviyyatına uyğun olmur. Ali məktəblərə hazırlaşanlar üçün “Azərbaycan tarixi” məlumat kitabının üz qabığının üzlüyünün dizaynının, ibtidai sinif dərsliyində cədvəlin Ermənistan bayrağı fonunda tərtib olunması nə dərəcədə doğrudur? Təbiətdə 7 rəng və bu rənglərin saysız-hesabsız çalarları olduğu halda Ermənistan bayrağını əks etdirən, bir-birinə uymayan, ardıcıl 3 rəngdən istifadə olunması narahatçılıq yaradır”.
Millət vəkili qeyd edib ki, aidiyyatı qurumlar bu məsələyə laqeyd qalmamalı, ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən məqamlara münasibət bildirməlidirlər.