“Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” Ermənistan siyasi dairələrinin icma sədri Tural Gəncəliyevin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşü ilə bağlı iddialarına münasibət bildirib.
İcmadan “Report”a bildirilib ki, ermənilərin bu görüşlə bağlı yaydıqları məlumatlar tamamilə əsassızdır.
“Son günlərdir ki, erməni siyasi dairələri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikdən Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevlə görüşüb-görüşmədiyinə dair izahat tələb edirlər. Əlbəttə, görüş olub və biz icma olaraq bu barədə press-reliz yaymışıq. Ermənilərin bu əndişəsi əslində, onların nə qədər saxtakar olduğunu göstərir. Özləri o qədər saxtakardılar ki, hətta doğru xəbərlərədə də şübhə ilə yanaşırlar”.