AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Türk.az saytına verilən məlumata görə, Avey Dövlət Tarix Mədəniyyət qoruğu ərazisindəki, Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığında yerləşən Damcılı mağara düşərgəsində Azərbaycan-Yaponiya beynəlxalq arxeoloji ekspedisiyası iyulun 12-dən etibarən başlamış tədqiqatları davam etdirməkdədir. Tədqiqatlara Azərbaycan tərəfindən AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları – tarix üzrə fəlsəfə doktorları Azad Zeynalov (ekspedisiyanın Azərbaycan tərəfindən həmrəhbəri) və Mənsur Mənsurov, həmçinin, İnstitutun elmi işçiləri — Yaqub Məmmədov və Ülviyyə Heydərova cəlb edilmişlər.
Yaponiya tərəfini professor Yoşihiro Nişiaki (Tokio Universiteti, Universitet Muzeyi, ekspedisiyanın yaponiyalı həmrəhbəri), həmçinin, arxeologiya, paleobotanika, paleobiologiya, topoqrafika və d. sahələr üzrə mütəxəssislər olan Kazuya Şimoqama (Qədim Şərq Muzeyi, Tokio), Saici Arai (Yaponiya Elmin İnkişafı Cəmiyyəti), Çie Akaşi (Tokio Universiteti, Universitet Muzeyi), Fumika İkeyama (Tokio Universiteti, Universitet Muzeyi), Hironobu Kirihara (Vaseda Universiteti), Yoşiki Miyata (Kanazava Universiteti), Akiko Horiuçi (Beynəlxalq Xristian Universiteti, Tokio) təmsil edirlər. Aparılan tədqiqatlar nəticəsində, burada orta əsrlər, tunc, xalkolit, neolit, mezolit və orta paleolit təbəqələri ardıcıl olaraq aşkar olunmuşdur.
Qeyd etmək lazımdır ki, Azərbaycan ərazisində Qobustandan sonra ilk dəfə Damcılı düşərgəsində toxunulmamış mezolit təbəqəsi qeydə alınmışdır. Bu tədqiqatın əsas məqsədi regionda neolit dövrü mədəniyyətinin mənşəyi məsələsinin aydınlaşdırılmasıdır. Belə ki, Damcılı düşərgəsində toxunulmamış mezolit mədəni təbəqəsinin aşkar olunması Azərbaycan ərazisində neolit mədəniyyətinin (əsasən Şomutəpə mədəniyyətinin) kənar mədəni təsirlərin və regiona Ön Asiyadan miqrasiyanın dinamikasında məhz yerli mezolit mədəniyyəti əsasında inkişaf etməsi barədə fikir yürütməyə əsas verir. Gələcəkdə aparılacaq tədqiqatlar və aşkar olunacaq yeni sahələr nəticələri gücləndirməyə imkan verəcək.
Beynəlxalq arxeoloji ekspedisiyanın çalışdığı əraziyə Azərbaycan Respublikası Mədəniyyət naziri Əbülfəs Qarayev baş çəkmiş və aparılan tədqiqatlar barədə tədqiqatçılar tərəfindən məlumatlandırılmışdır.
Bildirək ki, 65 il əvvəl M.M.Hüseynov və S.N.Zamyatin tərəfindən Azərbaycanda ilk qədim daş dövrünə aid abidə – Damcılı mağarası aşkarlanmışdır. 1956-1957-cı illərdə burada aparılan tədqiqatlar zamanı orta paleolit (mustye mədəniyyəti), üst paleolit, mezolit, neolit və orta əsrlərə aid zəngin materiallar aşkar olunmuşdur.
2015-ci ildə Damcılı mağarasında arxeoloji tədqiqatları bərpa etmək məqsədi ilə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA tərəfindən Arxeologiya və Etnoqrafiya İnstitutu, Yaponiya tərəfindən Yaponiyanın Tokio Universiteti Universitet Muzeyi arasında üç tərəfli beynəlxalq memorandum imzalanmışdır. Müasir arxeometrik tələblərə cavab verən arxeoloji tədqiqatlar 2016 – cı ildən etibarən davam etdirilməkdədir.