Danimarka Ukrayna qoşunlarına böyük sayda silah verməkdə davam edir.
AZƏRTAC xəbər verir ki, Skandinaviya Krallığı bu ilin yayına qədər Ukraynaya F-16 qırıcılarının verilməsi barədə qərarın ehtimal olunan qəbulunu elan edib. Qırıcılarla yanaşı, Danimarka Ukraynaya təxminən 100 ədəd “Leopard 1” tankları da vermək niyyətindədir.
Danimarka müdafiə nazirinin vəzifəsini icra edən Troels Lund Poulsenin sözlərinə görə, artıq ay ərzində digər silahlarla yanaşı, Ukraynaya 19 ədəd “Caesar” özüyeriyən artilleriya qurğusu da veriləcək. Bu qurğuların istifadə edilməsi üçün bundan əvvəl bir qrup ukraynalı əsgər Danimarkada hazırlıq keçib.
Hərbi təyyarələrin verilməsi barədə danışan Poulsen bildirib ki, Danimarka F-16-ları tədarük etmək barədə qərarı qəbul etməzdən əvvəl ABŞ rəsmiləri ilə dialoq aparmaq niyyətindədir. Ukraynaya səfəri zamanı nazir yerli TV2 kanalına bildirib ki, “qərarın qəbul edilməsinə zaman tələb olunacaq, çünki Danimarka bunu təkbaşına etmək niyyətində deyil. Biz bunu bir neçə ölkə ilə birgə etməliyik”.