Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

Daxili İşlər Nazirliyində (DİN) 2018-ci ildə cinayətkarlıqla mübarizənin, ictimai qaydanın qorunmasının və ictimai təhlükəsizliyin təmin edilməsinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

DİN-dən “Report”a verilən məlumata görə, iclası giriş sözü ilə açan nazir, general-polkovnik Ramil Usubov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən, Heydər Əliyev strateji kursunun, fəal hüquq-mühafizə siyasətinin məntiqi nəticəsi olaraq ölkədə möhkəm təməllərə söykənən ictimai asayiş və sabitlik 2018-ci ildə də etibarlı qorunub.

O bildirib ki, daxili işlər orqanları tərəfindən əvvəlki illərdə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsi istiqamətində əhəmiyyətli işlər görülüb, qarşıda duran vəzifələrin, dövlət plan və proqramlarının icrası təmin edilib.

Respublikada əməliyyat şəraiti bütövlükdə nəzarətdə saxlanılıb, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı baxımından ölkəmizin ötən il də MDB və Avropa məkanında öncül mövqeyini saxlayaraq ən təhlükəsiz və sabit dövlətlərdən biri olması diqqətəlayiq fakt kimi vurğulanıb.

Daha sonra nazir R.Usubov hesabat məruzəsi ilə çıxış edərək bildirib ki, ötən il əməliyyat-axtarış və istintaq fəaliyyətini həyata keçirən bütün dövlət orqanları üzrə 26381 cinayət qeydə alınıb, onların 84,7 faizinin açılması təmin olunub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətinin sosial müdafiəsinin və xidmət şəraitinin yaxşılaşdırılması ilə bağlı 2018-ci ildə də mühüm tədbirlər görülüb. Bununla yanaşı, ölkədə keçirilmiş 735, o cümlədən 489 respublika və beynəlxalq əhəmiyyətli kütləvi tədbirdə Daxili Qoşunların, Əlahiddə Çevik Polis Alayının və ərazi polis orqanlarının şəxsi heyəti tərəfindən asayişin və təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirildiyi də diqqətə çatdırılıb.

General-polkovnik Ramil Usubov qeyd edib ki, xidməti fəaliyyətin prioritet istiqamətlərindən olan vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələrin icrası daim ciddi nəzarətdə saxlanılıb və ardıcıllıqla yerinə yetirilib.

Nazirliyin rəhbərliyi tərəfindən 3639, o cümlədən kütləvi informasiya vasitələrində qabaqcadan məlumat verilməklə respublikanın 64 şəhər və rayonundan olan 1872 vətəndaşın qəbulu həyata keçirilib, qaldırılan məsələlərin əksəriyyəti yerində həllini tapıb. Göstərilən sahədə həyata keçirilən tədbirlərin nəticəsi olaraq, polis əməkdaşlarının qanunsuz hərəkətləri barədə şikayətlərin sayı 11 faiz azalıb.

O, daxili işlər orqanlarına xidməti vəzifələrin icrasında yaxından köməklik göstərdiklərinə görə ölkə vətəndaşlarına, hüquq mühafizə və xüsusi xidmət strukturlarının, kütləvi informasiya vasitələrinin, ictimai təşkilatların rəhbərlərinə və əməkdaşlarına təşəkkürünü bildirib.

Azərbaycan Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov çıxış edərək ölkə başçısı İham Əliyevin rəhbərliyi ilə respublikamızın 2018-ci ildə də dinamik şəkildə inkişaf etdiyini, dünyada və bölgədə baş verən neqativ tenedensiyalara, qlobal proseslərə baxmayaraq Azərbaycanın müstəqillik yolu ilə inamla irəlilədiyini, hüquqi-demokratik islahatların, böyük infrastruktur layihələrinin və sosial yönümlü proqramların uğurla həyata keçirildiyini qeyd edib.

Ötən il Azərbaycan Polisinin də 100 illiyinin böyük təntənə ilə qeyd edilməsinin təkcə daxili işlər orqanlarının deyil, xalqımızın da həyatında əlamətdar hadisə kimi dəyərləndirən cənab Fuad Ələsgərov möhtərəm Prezidentimizin ictimai qaydanın, insan hüquq və azadlıqlarının nümunəvi qorunmasında, cinayətkarlıqla qətiyyətli mübarizədə daxili işlər orqanlarının rolunu və fədakar xidmətini hər zaman yüksək qiymətləndirdiyini, onun maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, şəxsi heyətin iş, məişət şəraitinin və sosial müdafiəsinin daha da yaxşılaşdırılması üçün lazımi tədbirlərin görüldüyünü, Azərbaycan Polisinin dövlətçiliyin qorunmasında əsas dövlət təsisatı olduğunu bildirib.

Respublikada ictimai-siyasi sabitliyin, habelə, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasında daxili işlər orqanları əməkdaşlarının önəmli rolunu, cinayətlərin yüksək açılma göstəricilərinin arxasında şəxsi heyətin gecəli-gündüzlü, fədakar xidmətinin dayandığını vurğulayıb. Azərbaycanı yenidən xaos, anarxiya girdabına yuvarlamağa müstəqillik yolundan sapdırmağa yönəlmiş pozuculuq hərəkətlərinin, qanunsuz əməllərinin qarşısının daxili işlər orqanları tərəfindən bundan sonra da qətiyyətlə alınacağına əminliyini ifadə edib. Xidməti fəaliyyətin təkmilləşdirilməsi üçün qanunvericiliyə edilən dəyişikliklərin əhəmiyyətini, yeni informasiya texnologiyalarının tətbiqinin daha geniş şəkildə istifadəsinin vacibliyini nəzərə çatdırıb.

Məruzə ətrafında Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri Fazil Ələkbərov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi Seyfulla Əzimov, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov, Baş Mühafizə İdarəsinin rəisi Yaşar Əliyev və başqaları çıxış edərək hesabat dövründə görülmüş işlərdən, əldə olunmuş nəticələrdən, eyni zamanda fəaliyyətdə olan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün qarşıya qoyulmuş vəzifələrdən, həyata keçiriləcək konkret tədbirlərdən danışıblar.

İclasa yekun vuran general-polkovnik Ramil Usubov 2018-ci ildə əməliyyat-xidməti fəaliyyətdə əldə edilmiş müsbət nəticələrlə bərabər, ayrı-ayrı ərazi orqanlarında ümumi işə mənfi təsir göstərən halların mövcud olduğunu bildirib, tədbir iştirakçılarının diqqətini onların hərtərəfli təhlilinə, aradan qaldırılması yollarına, həmçinin, qarşıda duran vəzifələrə yönəldib, konkret tapşırıq və tövsiyələrini verib.

ƏvvəlkiHavaya atılan tullantıya görə zavod cərimələnib
NövbətiAtəşkəs rejimi 20 dəfə pozulub