Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə buraxılış və qəbul imtahanlarının keçirilməsinin başlanılması ilə əlaqədar onlayn mətbuat konfransı keçirib.
Onlayn konfransa kütləvi informasiya vasitələrinin 25-dək nümayəndəsi qoşulub.
DİM Direktorlar Şurasının sədri M. Abbaszadə ilk olaraq ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu haqqında məlumat verib. Qeyd olunub ki, bu gün səhər saatlarına olan məlumata əsasən artıq 75692 abituriyent elektron ərizəsini təsdiq edib. Hazırda ərizəsini təsdiq etmiş abituriyentlərdən 62839 u cari ilin, 12853-ü isə əvvəlki illərin məzunlarıdır. Abituriyentlərin təqribən 98%-i (74197 nəfər) ərizəsini özü təsdiq edib. DİM-in elektron məlumat bazasında yetərli məlumatı olmadığı üçün 2% (1495 nəfər) abituriyent elektron ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib.
İmtahanların başlanması ilə əlaqədar məlumat verən sədr bildirib ki, DİM Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə təşkil edəcək.
İmtahan binalarında tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər həyata keçiriləcək. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən ediləcək, girişdə bütün imtahan iştirakçılarının hərarətinin yoxlanılması təmin ediləcək. Bir imtahan zalında isə maksimum 15 nəfərin imtahan verməsi nəzərdə tutulur. Bütün imtahan iştirakçıları tibbi maska taxmalıdırlar.
Buraxılış (qəbul) imtahanları 6 və 7 iyun tarixlərindən etibarən hər həftə sonu keçiriləcəkdir. Qeyd olunan tarixlərdə şəhər və rayonların qrafikinə uyğun olaraq 9-cu və 11-ci siniflər üzrə buraxılış imtahanları, ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları, Azərbaycan dilindən fərqli dildə təhsil alan 9-cu və 11-ci siniflərin şagirdləri üçün Azərbaycan dili (dövlət dili) imtahanları keçiriləcək.