Dövlət İmtahan Mərkəzində (DİM) aprelin 2-də keçiriləcək əvvəlki illərin məzunları üçün ali təhsil müəssisələrinə qəbul imtahanının I mərhələsi və tam orta təhsil bazasında kolleclərə qəbul imtahanında iştirak edəcək sağlamlıq imkanları məhdud (I qrup gözdən əlil, eşitmə əngəlli və digər) imtahan iştirakçılarının fərdi nəzarətçilərinə təlim keçirilib.
Bu barədə AZƏRTAC-a DİM-dən məlumat verilib. Bildirilib ki, DİM-in məsul əməkdaşları tərəfindən aparılan təlim iki hissədən ibarət olub. Təlimin birinci hissəsi:
– xüsusi qayğıya ehtiyacı olan insanlar haqqında ümumi məlumat vermək və onları təsnifatlaşdırmaq;
– imtahanın gedişində namizədlə ünsiyyət zamanı rast gəlinəcək problemləri sadalamaq və onların həll yollarını izah etmək;
– sağlamlıq imkanları məhdud olan şəxslərin imtahan prosesi zamanı yarana biləcək psixoloji gərginliyini idarə etmək;
– stres və vaxt çatışmazlığı şəraitində rasional təhliletmə və düzgün qərarlar vermə üçün fərdi nəzarətçilərə lazımi bilik və bacarıqları aşılamaq məqsədi daşıyıb.
Təlimin ikinci hissəsində imtahanın texnologiyası və imtahanın gedişi ilə bağlı prosedur qaydaları izah olunub.
Sonda müzakirələr aparılıb və nəzarətçiləri maraqlandıran suallar cavablandırılıb.
Xatırladaq ki, aprelin 2-də keçiriləcək imtahanda sağlamlıq imkanları məhdud 64 iştirakçıya xüsusi imtahan şəraiti yaradılıb, onlardan 50 nəfərinə isə sual kitabçalarını oxumaq və cavabları cavab vərəqində qeyd etmək üçün fərdi nəzarətçi təyin edilib.