Cari ildə keçiriləcək imtahanlarda nəzarətçi qismində iştirak edəcək şəxslər üçün təlimlər davam edir. Təlimlərə təcrübəsi az olan və imtahanlarda nəzarətçi qismində ilk dəfə iştirak edəcək şəxslər cəlb olunurlar.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, təlimlər respublikanın bütün şəhər və rayonlarında keçirilir və 7174 nəzarətçinin bu prosesdə iştirak edəcəyi gözlənilir. DİM-in məsul əməkdaşları tərəfindən aparılan təlimlərə indiyə qədər 1784 nəzarətçi cəlb edilib. Müxtəlif səbəblərdən təlimlərdə iştirak edə bilməyən 174 nəzarətçi qrafikə uyğun olaraq növbəti rayonlar üzrə keçiriləcək təlimlərə dəvət edilir.
Təlimlər ayrı-ayrı rayonlar (şəhərlər) üzrə 15-20 nəfərlik qruplarla həyata keçirilir. Təlimlərdə iştirakçılara imtahanın gedişi – imtahan iştirakçılarının imtahan zalına buraxılması, sənədlərinin yoxlanılması, imtahan zalı üzrə yerləşdirilməsi, cavab kartlarının (vərəqlərinin) və sual kitabçalarının paylanması və yığılması zamanı diqqət etməli olduqları məqamlar, imtahanın gedişi haqqında protokolun doldurulma forması, imtahan iştirakçılarının davranış qaydaları, imtahan prosesində imtahan rəhbərləri ilə fəaliyyətin əlaqələndirilməsi və imtahan zalının idarə olunması qaydaları izah olunur. Bunların yaddaşda möhkəmləndirilməsi məqsədilə imtahanın bütün mərhələlərini özündə əks etdirən təqdimat və videoçarx nümayiş etdirilir.
Təlimlərdə, həmçinin açıq tipli test tapşırıqlarının cavablarının qeyd olunması və xarici dil fənni üzrə imtahanda “dinləyib-anlama” bacarıqlarının yoxlanılması üçün istifadə olunacaq dinləmə qurğusunun istifadə qaydaları nəzarətçilərin diqqətinə çatdırılır.
Qeyd edək ki, “Nəzarətçilərin elektron qeydiyyatı” sistemində ümumilikdə 14791 zal nəzarətçisi haqqında məlumat var. Bazada qeydiyyatda olan, əvvəlki illərdə keçirilən imtahanlarda iştirak edən və göstəriciləri yaxşı olan digər müəllimlər üçün də bu il keçiriləcək imtahanlara təyinat aldıqdan bir neçə gün əvvəl təlimlər keçiriləcək.
Təlimlərdə iştirak edəcək zal nəzarətçilərinin adlı siyahısı nəzarətçilərin elektron qeydiyyatı sistemi vasitəsilə rayon və məktəb üzrə əlaqələndiricilərə təqdim olunur.