İyunun 8-də Ağdam Rayon Polis Şöbəsinə rayon sakini Cəsarət Hətəmxanovun itkin düşməsi ilə bağlı məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar rayon polis şöbəsinin və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən birgə axtarış tədbirlərinə başlanılıb. İlkin ehtimallara görə, C.Hətəmxanovun mina və partlayıcı maddələrdən təmizlənməmiş ərazilərə keçdiyi müəyyən olunub.
Davam etdirilən axtarış tədbirlərində müasir avadanlıqdan istifadə olunub. Məhz dron çəkilişləri vasitəsilə iyunun 16-da C.Hətəmxanovun cəsədi rayonun Seyidli kəndi ərazisində aşkarlanıb. Hazırda həmin şəxsin cəsədinin ərazidən götürülməsi istiqamətində Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birgə tədbirlər davam etdirilir.