Azərbaycandakı dini konfessiyaların rəhbərləri və din xadimlərinin işğaldan azad edilən Ağdam rayonuna səfəri başa çatıb.
“Report”un əməkdaşı xəbər verir ki, səfər çərçivəsində din xadimləri əvvəlcə Bərdə şəhərində yerləşən Şəhidlər Xiyabanını və şəhər Cümə məscidini ziyarət ediblər.
Sonra səfər iştirakçıları Ağdama yola düşüb, Qarabağ xanlarının abidələr kompleksini və İmarət qəbiristanlığını ziyarət edib və şəhərdə Ermənistanın törətdiyi müharibə cinayətlərinin nəticələri ilə tanış olublar.
Din xadimləri şəhərdə yerləşən Şəhidlər xiyabanında olublar. Orada dəfn olunan Azərbaycanın Milli Qəhrəmanları – Allahverdi Bağırov, Əlabbas İsgəndərov və digərlərinin məzarını ziyarət ediblər, şəhidlərin ruhuna dualar oxuyublar.
Daha sonra səfər iştirakçıları Ağdam Cümə məscidinə gedib və məsciddə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin imamətliyi ilə namaz qılınıb və ibadətlər edilib.
Həmçinin Vətən uğrunda canından keçən şəhidlərin ruhuna dualar oxunub və Quran tilavət olunub.
Səfərin sonunda dini konfessiyaların rəhbərləri və din xadimləri Qiyaslı məscidində olublar.
Səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete, Alban-udi xristian icmasının rəhbəri Robert Mobili, dini konfessiya rəhbərlərinin nümayəndələri və digər din xadimləri iştirak edib.