Prezident İlham Əliyev Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycanda yaşayan ayrı-ayrı xalqlar və dinlər arasında qarşılıqlı hörmət və etimada əsaslanan yüksək birgəyaşayış mədəniyyəti, dostluq və qardaşlıq mühiti hökm sürür. Dünyada nümunəvi tolerantlıq məkanına çevrilmiş ölkəmizdə multikultural dəyərlərin daha da inkişaf etdirilməsi, habelə etnik-dini müxtəlifliyin qorunub saxlanılması dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Dövlət–din münasibətlərinin davamlı olaraq təkmilləşdirilməsi, tolerantlıq və mədəni müxtəliflik ənənələrinin təbliği və təşviqi cəmiyyətdə milli-mənəvi həmrəyliyin güclənməsinə və qarşılıqlı anlaşma münasibətlərinin ahəngdar inkişafına xidmət edir.
Sərəncamda qeyd edilir ki, Azərbaycanda dini qurumlara maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 1 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 350 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 350 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 350 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 350 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 350 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fonduna 350 min manat ayrılsın.
Maliyyə Nazirliyinə tapşırılır ki, sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etsin.