Bu gün “Demokratik İnkişafın Təşviqi” İctimai Birliyi Xaçmaz rayonunda “Sözdən Əmələ” – İctimai yerlərdə zibil qutularının birgə monitorinqi və aşkarlanan problemlərin müzakirəsi” layihəsi çərçivəsində ilk tədbirini keçirib.
Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir.
Öncə təşkilatçılar rayon icra hakimyyətinin nümayəndəliyi ilə birlikdə şəhid Elşən Ağasıyevin ailəsini ziyarət ediblər. Qeyd edək ki, Elşənin atası Birinci Qarabağ savaşında könüllü olaraq iştirak etmiş, döyüşçülər arasında “Rembo” adı ilə tanınan Ağabala Ağasıyevdir. Daha sonra Şəhidlər Xiyabanı ziyarət edilib.
Ziyarətdən sonra Zəfər Parkı və digər parklarda monitorinq keçirilib.
Sonra isə Əzizəddin Tahirov adına Köhnə Xaçmaz Tam Orta Məktəbində tədbirə start verilib.
Tədbiri Xaçmaz Rayon İcra Hakimiyyətinin İctimai – Siyasi və Humanitar Məsələlər Şöbəsinin baş məsləhətçisi Tariyel Didarov açıb. İcra nümayəndəsi ekoloji maarifləndirmənin vacib olduğunu bildirib. Qeyd edib ki, maarifləndirmə işlərinin məktəblilər arasında keçrilməsi xüsusilə önəmlidir.
Layihə rəhbəri Çingiz Dadaşov bildirib ki, rayonda keçirilən monitorinq zamanı Xaçmaz rayonunda ictimai yerlərin təmizliynə əhali və adiyyatı dövlət qurumlarının ciddi yanaşdığı qənaətinə gəlinib. İcra hakimyyətinin nümayəndəsi Tariyel Didarov isə bildirib ki, bu məsələdə ictimai təşkilatlar və onların keçirdikləri tədbirlərin də rolu var.
Layihənin eksperti Şaban Nəsirov hökumətin ekoloji sahəyə xüsusi ilə diqqətlə yanaşdığını deyib: “Təəssüf ki, cəmiyyətdə “çəpər” sindromu var. Bəzi insanlar öz evlərini və həyətlərini təmizləyib, zibili çəpərdən kənara atırlar. Unudurlar ki, bu ölkə bizimdir və küçə, parklarımızın təmizliyinə də evimizə yanaşdığımız kimi yanaşmalıyıq”.
Şaban Nəsirov çıxışı zamanı polietilen torbalarla bağlı problemin ciddi xarakter aldığını deyib. Polietilen torbaların torpağa və suya vurduğu ziyanlardan danışıb.
Ekspert ətraf mühitin təmizliyi məsələsində ictimai qınağın böyük əhəmiyyət daşıdığını deyib. O, qonşu ölkələrdəki təcrübələrdən bəhs edib: “Gürcüstanda zibil qutuları az olan yerlərdə ağaclardan polietilen torbalar asırlar və insanlar əllərindəki zibilləri yaxın məsafədə olan torbalara atırlar”.
Layihə rəhbəri Çingiz Dadaşov Xaçmaz rayonun Azərbaycanın ən gözəl rayonlarından biri olduğunun, onun daha da inkişafının, ekologiyasının qorunmasının gənclərin əlində olduğunu bildirib.
Məktəbin direktoru Gülnarə müəllimə həmçinin təhsil ocaqlarının təmiz saxlanılmasının vacibliyindən danışıb.
Çingiz Dadaşov tədbirin təşkilində yaratdığı şəraitə görə rayon İcra Hakimyyətinin başçısı Elnur Dadaşova və tədbirdə şəxsən iştirak edən icra nümayəndəsi Tariyel Didarova, məktəbin rəhbərliyinə təşəkkür edib.