Rusiyanın Baş Naziri Dmitri Medvedev gələn həftə Ermənistana səfər edəcək.
“Report” “Newsarmenia”ya istinadən xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Koprıkin aprelin 23-də jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, D.Medvedev Avrasiya İqtisadi İttifaqının hökumətlərarası şurasının aprelin 29-da Yerevanda keçiriləcək iclasında iştirak edəcək.
Səfir Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş Naziri Nikol Paşinyan arasında görüşlərin kifayət qədər davamlı olduğunu vurğulayıb.
Ermənistan parlamenti sədrinin müavini, hakim “Mənim addımım” blokunun üzvü Alen Simonyan isə deyib ki, cari ilin sonunda Rusiya Prezidenti Vladimir Putin Yerevana səfər edəcək.
Xatırladaq ki, Ermənistandakı hakimiyyət dəyişikiyindən sonra Vladimir Putinin Yerevana gedəcəyi barədə məlumatlar yayılsa da son anda səfərin təxirə salındığı bildirilib.