Oktyabrın 18-də Ağcabədi Pedaqoji Kollecində Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Doğma Yurda Qayıdış İctimai Birliyi “Yeniyetmə və gənclər arasında tarixi zəfərimizin təbliği ilə bağlı maarifləndirici görüşlərin təşkili” adlı layihə çərçivəsində tələbələrlə görüş keçirdi.
Tədbiri açıq elan edən Ağcabədi Pedaqoji Kollecin direktor müavini Rövşən müəllim Müstəqillik günü münasibətilə görüş iştirakçılarını təbrik etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğurunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla yad edildi. Direktor müavini zəfərin tarixi əhəmiyyətindən danışdıqdan sonra sözü Doğma Yurda Qayıdış İctimai Birliyinin sədri, layihənin rəhbəri Səməd Hətəmov verdi.
Layihənin rəhbəri Səməd Hətəmov layihəni maliyələşdirdiyinə görə Azərbaycan Respublikasının Qeyri– Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirdi, layihənin məqsədi ilə bağlı görüş iştirakçılarını məlumatlandırdı, 44 günlük II Qarabağ müharibəsinin tarixi əhəmiyyətindən, müharibə dövründəki milli həmrəyliklə bağlı məruzə etdi.
Daha sonra söz II Qarabağ müharibəsinin iştirakçısı, kapitan, politoloq, layihənin eksperti Taleh Əliyevə verildi. Taleh Əliyev keçdiyi döyüş yolundan, xalq ordu həmrəyliyindən, xalqın orduya dəstəyi, qələbəni şərtləndirən əsas amillər, dövlətin daha da qüdrətlənməsi üçün gəncliyin üzərinə düşən vəzifələrlə bağlı çıxış etdi.
Görüşün gedişində tələbələrə mövzu ilə bağlı hazırlanmış buklet paylandı
Çıxışlardan sonra layihə çərçivəsində hazırlanmış “Zəfərdən zəfərə” filmi nümayiş olundu. Çıxışlar və film tələbələrin marağına səbəb oldu.
Sonda layihə rəhbəri Səməd Hətəmov görüşün təşkilinə görə Ağcabədi Rayon İcra Hakimiyyətinə və Ağcabədi Pedaqoji Kollecinə öz təşəkkürünü bildirdi.
Qeyd edək ki, Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Doğma Yurda Qayıdış İctimai Birliyi “Yeniyetmə və gənclər arasında tarixi zəfərimizin təbliği ilə bağlı maarifləndirici tədbirlərin təşkili” adlı layihə çərçivəsində Ağdam, Ağcabədi və Bərdə rayonlarında, hər birində 50 nəfər olmaqla, 150 nəfər gənc və yeniyetmə üçün 44 günlük Vətən müharibəsində qazandığımız zəfərin təbliği ilə bağlı maarifləndirici tədbirlərin keçirilməsi, II Vətən müharibəsinə həsr olunmuş sənədli film çəkilməsi və görüş iştirakçılarına nümayiş olunması nəzərdə tutulurdu.