Seçkilərə bir sutka qalmış ABŞ Prezidenti Donald Tramp seçicilərə müraciət edərək onları məntəqələrə şəxsən və erkən gəlməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, Tramp bu çağırışı özünün “Twitter” səhifəsində yerləşdirdiyi qısa videoçarxda edib: “Səs vermək üçün kabinələrə gedin, erkən və şəxsən səs verin. Onlara səsinizi götürmək imkanı verməyin. Bu, indiyədək heç vaxt olmayan ən mühüm seçkilərdir”.
Bu il koronavirus pandemiyası səbəbindən növbədənkənar səsvermənin görünməmiş miqyası müşahidə olunur. İki gün bundan əvvəl 90 milyon seçicinin səs verdiyi hesablanıb. Bir sıra ştatlarda səsvermənin yalnız poçt vasitəsilə aparılmasına icazə verilib. Bunun əleyhinə olan Donald Trampın fikrincə, poçtla səsvermə saxtakarlıq üçün yol açır.