“Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli “Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərmanı ölkə əhalisinə göstərilən dövlət xidmətlərinin keyfiyyətinin innovativ həllərin tətbiqi şəraitində əsaslı şəkildə yüksəldilməsində növbəti mühüm irəliləyişə yol açır”.
Bu barədə “Report”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, dövlət başçısının uğurlu sosial siyasəti ölkə əhalisinin rifah halının yaxşılaşdırılması, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində kompleks tədbirlərin ildən-ilə güclənməsinə, geniş əhali kateqoriyalarını əhatə edən etibarlı sosial müdafiə sisteminin formalaşdırılmasına imkan yaradıb: “Prezident İlham Əliyevin islahatlar proqramına uyğun olaraq, eyni zamanda dövlət sosial xidmətləri sisteminin mütərəqqi beynəlxalq təcrübələrə və innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsi istiqamətində ardıcıl işlər aparılır.
Prezident İlham Əliyevin avqustun 9-da imzaladığı fərman bu istiqamətdə mühüm innovativ yeniliyə yol açır. Fərman DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Mərkəzlərinin yaradılması vasitəsilə dövlət xidmətlərinin geniş bir spektrinin – əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər müvafiq sahələr üzrə xidmətlər sisteminin “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və nəzakətli, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunmasına, xidmətlərin əhatə dairəsinin genişləndirilməsinə imkan verir.
Fərmana əsasən, yaradılacaq DOST Agentliyinin nizamnaməsinin və strukturunun layihəsinin, Agentliyin nizamnamə fondunun miqdarı və işçilərinin say həddi ilə bağlı təkliflərin, “DOST” mərkəzlərində göstəriləcək xidmətlərin siyahısını və həmin xidmətlərin “DOST” mərkəzlərində göstərilmə qaydasının layihəsinin, DOST Agentliyinin və onun strukturuna daxil olan “DOST” mərkəzlərinin fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı təkliflərin hazırlanmasının təmin edilərək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə həvalə olunub”.
Nazirlikdən bildirilib ki, DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Mərkəzlərinin yaradılması Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın sosial sahə ilə bağlı həyata keçirdiyi mühüm fəaliyyətinin növbəti uğurlu davamıdır: “Həmçinin ölkədə aparılan sosial siyasətin icrasına, sosial məsələlərin həllinə, xüsusi qayğıya ehtiyac duyan insanların sosial müdafiə və reabilitasiya xidmətləri ilə təminatına, eyni zamanda, dövlət sosial xidmətləri sisteminin müasir innovasiyaların tətbiqi şəraitində tam şəffaf müstəvidə və sosial cəhətdən həssas əhali qruplarına əlçatan səviyyədə qurulmasına daha bir töhfəsidir”.
Məlumata görə. ƏƏSMN pensiya, müavinət və digər sosial təminat növləri, əlillik, əmək və məşğulluq, sosial sığorta münasibətləri və s. məsələlər üzrə 100-dən artıq istiqamətdə ildə orta hesabla 5 milyon şəxsə xidmət göstərir. Nazirliyin xidmət sahələri üzrə ildə təxminən 8 mln. e-müraciət qeydə alınır, 1,1 mln. məktub dövriyyəsi həyata keçirilir, 160 min telefon zəngi (müraciət) cavablandırılır: “DOST mərkəzlərində əmək və məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah, təlim və s. üzrə xidmətlər göstəriləcək. Bu xidmətlər bir mərkəzdə (bir binada), bir-birinə inteqrasiya olunmuş şəraitdə, fiziki və hüquqi şəxslərə bir pəncərədən operativ və effektiv şəkildə, vahid standartlar əsasında, nəzakətli davranışla, vətəndaşlarla açıq iş mühiti şəraitində təqdim olunacaq.
Müraciətlərlə əlaqədar bütün zəruri məlumatlar müvafiq qurumlardan və eləcə də ƏƏSMN-nin bölmələrindən elektron qaydada əldə ediləcək və emal olunacaq. Hesabatlılıq və şəffaflıq təmin ediləcək. Vətəndaşların müvafiq məlumatlara çıxış imkanı artırılacaq. Çevik hesabat vermə və şikayət, monitorinq və qiymətləndirmə mexanizmləri vasitəsilə şəffaflığı və prosesi izləmə imkanlarını təşviq ediləcək.
Əmək, məşğulluq, sosial təminat, ünvanlı dövlət sosial yardımı, əlillik, pensiya, sosial sığorta və digər əlaqədar sahələrdə inzibati proseslərin və prosedurların sadələşdirilməsinə, göstərilən xidmətlər üzrə vəzifələrin inzibati bölgüsü yenidən təşkil edilməklə, vətəndaşlara xidmət müddətinin və xərclərinin azaldılmasına nail olunacaq. Xidmətlər modernləşdiriləcək, sənəd dövriyyəsinin təkmilləşdirilməsi, prosedurların surətləndirilməsi və bununla səmərəliliyinin artırılması təmin ediləcək.
Mərkəzlərə vətəndaş axını idarə olunacaq, hər bir müraciət edən qarşılanaraq dinləniləcək və üz tutduğu xidmətlərdən sadə prosedurlarla istifadə imkanı əldə edəcək. İnzibatçılığın səmərəli təşkili təmin olunacaq. DOST mərkəzləri yalnız əyani şəkildə müraciət edənlərlə işləməyəcək, vətəndaşların bilavasitə, telefon və ya internet vasitəsilə müraciətləri əsasında, səyyar və digər üsullarla xidmətlərin həyata keçirilməsini də təmin edəcək.
Beləliklə, DOST mərkəzləri bir pəncərədən göstərdiyi operativ, keyfiyyətli, şəffaf xidmətlərlə ƏƏSMN-nin fəaliyyət sahələri üzrə xidməti kontingentin hər bir üzvünün – əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin, işsiz və işaxtaranların, pensiyaçıların və b. DOST-u olduğunu qısa zamanda təsdiq edərək ümumən ictimai məmnunluğun ünvanı olacaq. Azərbaycan Prezidentinin “Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” 9 avqust 2018-ci il tarixli Sərəncamı ilə DOST Agentliyinin fəaliyyətinin təşkili və DOST mərkəzlərinin yaradılması, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq ƏƏSMN-ə 2 (iki) milyon manat ayrılıb”.