Bakı Ağır Cinayətlər Məhkəməsində “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru, dövlətə xəyanətdə ittiham edilən Aslanov Polad İsrayıl oğlunun cinayət ili üzrə hazırlıq iclası keçirilib.
“Report”un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda anket məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxs barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi və məhkəmə prosesində müdafiəçisinin yanında əyləşməsi barədə vəkil Elçin Sadıqovun vəsatətləri təmin edilməyib. Hazırlıq iclasında məhkəmə proseslərinin qismən qapalı keçirilməsi barədə qərar qəbul edilib.
Baxış iclası fevralın 10-a təyin edilib.
Qeyd edək ki, ötən ilin iyun ayında yayılan rəsmi məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində 1989-cu il təvəllüdlü, Azərbaycan Respublikasının vətəndaşı, “xeberman.com” və “press-az.com” informasiya saytlarının təsisçisi və baş redaktoru Aslanov Polad İsrayıl oğlu dövlətə xəyanət cinayət əməllərinə görə şübhəli şəxs qismində saxlanılıb.
Müəyyən edilib ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pul vəsaitinə dair qəbzləri imzalayıb müntəzəm pul vəsaitləri ödənilməsi şərti ilə maddi maraq müqabilində məxfi əməkdaşlığa cəlb edilib. O, xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq istifadə etmək üçün topladığı məlumatları həmin orqanlara ötürüb, onların tapşırığı ilə mətbuatda, sosial şəbəkələrdə dövlət əleyhinə, hüquq-mühafizə orqanlarının qanuni fəaliyyətini nüfuzdan salmağa yönəlmiş yazılar yayımlaması razılaşdırılıb.
Polad Aslanov adları istintaq sirri kimi hazırda açıqlanmayan jurnalistləri gələcək əməkdaşlıq imkanları üzrə xarici ölkə ərazisində həmin xüsusi xidmət orqanı əməkdaşları ilə tanış edib.
İstintaq zamanı Polad Aslanovun Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq xarici xüsusi xidmət orqanı nümayəndələri ilə əməkdaşlığına dair çoxsaylı materiallar əldə edilib, Polad Aslanov törətdiyi cinayət əməlləri barədə ətraflı məlumatlar verib.
Polad Aslanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilib.