“Keçən il, eyni zamanda, nəqliyyat sahəsində bizim böyük layihələrimiz icra edilibdir. Onların arasında Bakıətrafı dəmir yolu xəttinin çəkilişini xüsusilə qeyd etmək istərdim. Biz vaxtilə “elektriçka” adlandırılan dəmir yolu nəqliyyatını ən müasir səviyyədə bərpa etmişik, ən aparıcı şirkətin istehsal etdiyi qatarları gətizdirmişik. Qəsəbələrdə dəmir yolu stansiyaları tikilibdir və bu proses davam etdiriləcək. Bu il artıq Bakıətrafı dəmir yolunun çəkilişinin əsas mərhələsi başa çatacaq, yəni, dairə birləşəcəkdir. Ondan sonra hələ ki, dəmir yolu olmayan qəsəbələrə dəmir yolunun çəkilişi nəzərdə tutulur. Eyni zamanda, qonşularla bizi birləşdirən dəmir yollarında bərpa işləri aparılır ki, sürət daha da artsın. Buna böyük dərəcədə nail olmuşuq, xüsusilə qərb istiqamətində. Şimal və cənub istiqamətində görüləcək işlər üçün hazırlıq aparılır və bu il bu proses daha sürətlə gedəcəkdir”.
Türk.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda deyib.
“Bakı-Tbilisi-Qars dəmir yolu tikildi. Bu, bizim tarixi qələbəmizdir. Təkcə ona görə yox ki, Ermənistan əbədi dalanda qaldı. Halbuki bu da vacib məsələdir. Ona görə ki, indi bu yol həm böyük gəlir gətirir, həm də beynəlxalq əməkdaşlığı genişləndirir. İndi bu yol ilə onu tikməyə başlayanda nəzərdə tutulmayan yerlərdən də yüklər daşınır. Yəni, bu yol beynəlxalq əməkdaşlıq üçün çox önəmli infrastruktur layihəsinə çevrilib və Azərbaycan burada aparıcı ölkədir. Şərq-Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin yaradılmasında biz xüsusi rol oynamışıq. Biz o ölkəyik ki, hər iki layihədə iştirak edirik. Ələt Beynəlxalq Dəniz Limanı Xəzərdə ən böyük dəniz limanıdır. Gəmiqayırma zavodu bizim üçün tankerlər, yük gəmiləri və istənilən gəmini istehsal edə bilər. İndi pulumuz Azərbaycanda qalır, xaricə getmir. Biz indi tankerləri, yük gəmilərini özümüz istehsal edirik. Mən ancaq 16 il ərzində görülmüş işlərin əsas məqamlarını qeyd edirəm.
Dəmir yolunun bərpası və çəkilişi ilə bağlı. Gəncə-Gürcüstan sərhədi dəmir yolunun sürətinin artırılması nəzərdə tutulur. Bakı-Gəncə dəmir yolunun çəkilişi tamamilə başa çatıb. Mən o vaxt Gəncədə olarkən söz vermişdim ki, bu, təmin ediləcək. Elə də oldu. İndi çox rahat, sürətli qatarla Bakıdan Gəncə şəhərinə getmək olar. İndi sərhədə qədər bu dəmir yolunun bərpası başa çatdırılmalıdır. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Yalama dəmir yolunun yenidən qurulması gündəlikdədir. Bununla yanaşı, Xudatdan Şahdağa dəmir yolunun çəkilişi nəzərdə tutulur. Şahdağ dağ-xizək kurortu indi nəinki MDB məkanında, dünyada tanınır. Bunun ikinci mərhələsi işə düşəndən sonra maraq daha da artıbdır. Ona görə mütləq bu kurorta dəmir yolu çəkilməlidir. Bu, həm bölgədə yaşayan vətəndaşlara, xarici qonaqlara və Bakı sakinlərinə rahatlıq gətirəcəkdir. Artıq müvafiq Sərəncam da verilib və vəsait də ayrılıb.
Ələt-Astara dəmir yolunun yenidən qurulması və yolun marşrutunun dəyişdirilməsi, sahildən kənarlaşdırılması üzərində iş aparılır. Bu il vəsait də nəzərdə tutulur. Bu il şəhərlərarası dəmir yolları arasında Ləki-Qəbələ dəmir yolunun fəaliyyətə başlaması nəzərdə tutulur. Giriş sözümdə dediyim kimi, Bakıətrafı, Bakı qəsəbələrinə gedən dəmir yolunun davam etdirilməsi nəzərdə tutulur”, – dövlət başçısı əlavə edib.