20 dövlət orqanında mövcud olan 73 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 174 namizədlə 177 müsahibənin keçirilməsi planlaşdırılır.
Ən yüksək müsabiqə müraciəti Dövlət Xəzinədarlığı Agentliyi, Dövlət büdcəsinin uçotu və hesabatı şöbəsi, Kassa əməliyyatları və xərclərin uçotu sektoru, aparıcı məsləhətçi (1 vakant yer üzrə 19 namizəd) üzrə yaranıb.
Müsahibələrin 2022-ci il avqustun 29-dan sentyabrın 29-dək olan dövrdə keçirilməsi planlaşdırılır.
Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.
Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin diqqətinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır.
Namizəd müsahibə keçirilmə tarixindən bir gün əvvəl saat 16:00-dək müsahibələrin keçirilmə qrafikində şəxsi kabinetinin nömrəsini seçib açılan müraciət formasında “İMTİNA” düyməsini basmaqla müsahibədə iştirakdan imtina edə bilər.
Müsahibədə üzrlü səbəblərdən iştirak etməyən namizədlə həmin vakant vəzifə üzrə (elan edilmiş cari müsahibə üzrə) yeni müsahibənin təşkili yalnız müvafiq təsdiqedici sənəd nəzərə alınmaqla həyata keçirilə bilər.
Namizədlərdən müsahibənin başlanma vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.