“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə uyğun olaraq dövlət qulluqçusunun əsas vəzifələrindən biri etik davranış qaydalarına əməl etməkdir. Müvafiq etik davranış qaydaları, prinsipləri və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmlər “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunur. Həmin qanunun 20.2-ci maddəsinə və adı çəkilən Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi etik davranış qaydalarına əməl olunmasına nəzarəti Nizamnaməsinə uyğun olaraq həyata keçirir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nə əsasən Mərkəz “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulması ilə bağlı şikayətlər və məlumatlar qəbul edir, dövlət qulluqçularının etik davranış məsələləri üzrə araşdırmalar aparır, tövsiyələr və məruzələr tərtib edir, onlar tərəfindən etik davranış qaydalarına əməl edilməsi vəziyyətini öyrənir, bu barədə məlumatları ümumiləşdirir və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qanunvericiliyə uyğun olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumları tərəfindən etik davranış qaydalarına əməl edilməsi vəziyyətinin öyrənilməsi və bu barədə məlumatların ümumiləşdirilərək təhlil edilməsi məqsədilə Mərkəz tərəfindən müvafiq iş aparılır.
Mərkəz tərəfindən “Etik davranış məsələləri üzrə məlumatın təqdim edilmə Forması” hazırlanıb və həmin Formaya uyğun olaraq müvafiq məlumatların Mərkəzə təqdim edilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, habelə Ali Attestasiya Komissiyasına, Milli Televiziya və Radio Şurasına, Məhkəmə-Hüquq Şurasına, Hesablama Palatasına, İnsan Hüquqları üzrə Müvəkkilə (Ombudsman) və Əqli Mülkiyyət Agentliyinə məktublar göndərilib. Həmin qurumlar tərəfindən etik məsələlər üzrə təqdim olunmuş məlumatlar təhlil edilib, ümumiləşdirilib və müvafiq hesabat hazırlanıb.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər dövlət qurumlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirlərinin təhlili zamanı müəyyən olunub ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü (Vicdanlı davranış) maddəsinin tələblərinin pozulması üzrə 10, 5-ci (Peşəkarlıq və fərdi məsuliyyətin artırılması) maddəsinin tələblərinin pozulması üzrə 370, 6-cı (Loyallıq) maddəsinin tələblərinin pozulması üzrə 20, 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) maddəsinin tələblərinin pozulması üzrə 150, 9-cu (Mədəni davranış) maddəsinin tələblərinin pozulması üzrə 5, 10-cu (Əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi) maddəsinin tələblərinin pozulması üzrə 453, 11-ci (Qərəzsizlik) maddəsinin tələblərinin pozulması üzrə 2, 12-ci (Maddi və qeyri-maddi nemətlərin,imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi) maddəsinin tələblərinin pozulması üzrə 110, 13-cü (Korrupsiyanın qarşısının alınması) maddəsinin tələblərinin pozulması üzrə 117, 14-cü (Hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər) maddəsinin tələblərinin pozulması üzrə 3, 15-ci (Maraqlar toqquşmasının qarşısının alınması) maddəsinin tələblərinin pozulması üzrə 1, 16-cı (Əmlakdan istifadə) maddəsinin tələblərinin pozulması üzrə 1, 17-ci (Məlumatlardan istifadə) maddəsinin tələblərinin pozulması üzrə 1 intizam tənbeh tədbiri tətbiq edilib.
Ümumilikdə hesabat dövründə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının tələblərini pozan 1245 dövlət qulluqçusu barədə intizam tənbeh tədbiri tətbiq edilib. Həmin intizam tənbeh tədbirlərindən 1044-ü mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumlarında, 201-i isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçuları barədə tətbiq edilib.
Mərkəzi icra hakimiyyəti orqanları və digər dövlət qurumları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilmiş 1044 intizam tənbeh tədbirinin təhlili zamanı müəyyən olunub ki, Daxili İşlər Nazirliyi üzrə – 538, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzrə – 351, Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə – 88, Dövlət Gömrük Komitəsi üzrə – 33, Xarici İşlər Nazirliyi üzrə – 10, İqtisadiyyat Nazirliyi üzrə – 7, Dövlət Statistika Komitəsi üzrə – 4, Kənd Təsərrüfatı Nazirliyi üzrə – 3, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi üzrə – 2, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi üzrə – 2, Qida Təhlükəsizliyi Agentliyi üzrə – 2, Ali Attestasiya Komissiyası üzrə – 1, Maliyyə Nazirliyi üzrə – 1, Energetika Nazirliyi üzrə – 1, Dövlət Miqrasiya Xidməti üzrə – 1 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq olunub.
Hesabat Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.