DÖVLƏTİMİZİN BAŞÇISI: “…BİZİM SİYASƏTİMİZİN MƏRKƏZİNDƏ AZƏRBAYCAN VƏTƏNDAŞI DAYANIR”

Aprelin 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

         İclasda Prezident İlham Əliyevin giriş nitqində son dövrdə aparılmış siyasi-iqtisadi islahatların nəticələrinə, iqtisadiyyatın inkişafı və əhalinin həyat şəraitinin yüksəlməsini nümayiş etdirən göstəricilər, mövcud problemlər və onların aradan qaldırılması yolları, həmçinin, işğal altında olan torpaqlarımızın azad edilməsini məqsəd etmiş strategiyanın dayanmadan reallaşması barədə Millətimiz və Vətənimiz üçün taleyüklü məqamlara toxunuldu.

         Dövlətimizin başçısı öz giriş nitqində bildirmişdir: — “Bu ilin yanvar ayında 2018-ci ilin yekunlarını müzakirə edərkən mən əminlik ifadə etdim ki, 2019-cu il ölkəmiz üçün uğurlu il olacaq. … Bu ilin birinci rübündə əldə edilmiş sosial və iqtisadi nəticələr göstərir ki, biz düzgün yoldayıq, islahatlara alternativ yoxdur. Son illər ərzində müxtəlif mərhələlərdə islahatlar aparılıb və bu islahatlar nəticəsində ölkəmiz inkişaf edib. Son 15 il ərzində iqtisadi baxımdan dünyada Azərbaycan qədər inkişaf edən ikinci ölkə olmamışdır. Ölkəmizdə çox böyük infrastruktur layihələri icra edildi, insanların rifah halı yaxşılaşdı və respublikamızın gələcək inkişafı üçün möhkəm zəmin yaradılmışdır.

         Bildiyiniz kimi, prezident seçkilərindən sonra imzaladığım ilk Fərman şəhid ailələrinin sosial müdafiəsi ilə bağlı idi. Çox ciddi Fərman idi və onun icra edilməsi nəticəsində 12 mindən çox şəhid ailəsi dövlət tərəfindən 11 min manat məbləğində vəsait alacaq. Artıq vəsaitin verilməsi prosesi başlamışdır.

         İlin əvvəlindən Azərbaycan iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər bizim potensialımızı gücləndirir, əhali tərəfindən yüksək qiymətləndirilir və bizə əlavə maliyyə resursu əldə etmək üçün şərait yaradır. Birinci rübdə büdcə daxilolmaları ciddi şəkildə – 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox hissəsini vergi sahəsində, 50 milyon manatdan çox hissəni isə gömrük sahəsində əldə etmişik. Sevindirici hal ondan ibarətdir ki, vergi orqanları qeyri-neft sektorundan daha çox – 136 milyon manat vergilər toplaya bilmişlər. Bu, islahatların bariz nümunəsidir.

         İqtisadi və sosial sahədə aparılan siyasət rəqəmlərdə də özünü büruzə verir. Beləliklə, ilin birinci rübündə ümumi daxili məhsul 3 faiz artmışdır. Bu, son bir neçə il ərzində ən yüksək göstəricidir və əminəm ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq. Çünki görülən işlər bunu deməyə əsas verir. Sənaye istehsalı 4,4 faiz artmışdır. Bu da yaxşı göstəricidir. Amma bundan daha yaxşı göstərici odur ki, qeyri-neft sektorunda sənaye istehsalı 15,6 faiz artmışdır. Bax, gördüyümüz işlərin nəticəsi budur və sənaye istehsalının, xüsusilə qeyri-neft sektorunda sənaye istehsalının artırılması bizim siyasətimizin bariz nümunəsidir. Kənd təsərrüfatı 3,6 faiz, əhalinin gəlirləri isə 5,5 faiz artıb. İnflyasiya aşağı səviyyədədir – 2,1 faiz. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar sərmayə qoyulub. Bu sərmayənin 2 milyardı ölkəmizin qeyri-neft sektoruna yatırılıb. Biz burada da müsbət dinamikanı görürük. Çünki bizim əsas məqsədimiz, əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafıdır…

         …Bildiyiniz kimi, Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı 25-ci yerə layiq görüb. Biz il ərzində 32 pillə irəliləmişik və ən islahatçı 10 ölkə sırasında yer almışıq. Əlbəttə, xarici investorlar, eyni zamanda, yerli sahibkarlar bunu görürlər, bilirlər və beləliklə, Azərbaycana sərmayə qoyuluşu prosesi əminəm ki, bundan sonra da təmin ediləcəkdir.

         …Əlavə maliyyə vəsaiti imkan verir ki, biz sosial sahəni daha da gücləndirək. Minimum əməkhaqqı və minimum pensiyalar təxminən 40 faiz, sosial müavinətlər orta hesabla 2 dəfə, məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, tələbələrin təqaüdü, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə verilən müavinətlər artmışdır.

         Digər önəmli məsələ problemli kreditlərlə bağlı idi. Bu məsələ Azərbaycanda ən yüksək səviyyədə həll olundu. Bildiyiniz kimi, bir neçə il bundan əvvəl, neftin qiymətinin kəskin, təqribən 4 dəfə düşməsi nəticəsində neft ixrac edən ölkələr böyük çətinliklərlə üzləşmişlər. O ölkələrdə milli valyuta qiymətdən düşdü, o cümlədən Azərbaycanda. Bu, qaçılmaz hal idi. Ancaq biz qısa müddət ərzində vəziyyəti sabitləşdirə bildik. 2016-2017-ci illərdə iqtisadi və makroiqtisadi sabitliyin təmin edilməsi üçün addımlar atıldı. Baxmayaraq ki, o illərdə inflyasiya yüksək səviyyədə idi. Ancaq biz vəziyyəti sabitləşdirə bildik və beləliklə, inkişaf üçün zəmin yaratdıq. Təbii ki, bizim iqtisadi və maliyyə imkanlarımız artdıqca, ilk növbədə, vətəndaşları narahat edən bu məsələni həll etdik, özü də ən yüksək səviyyədə. Bir neçə ölkədə bu məsələ ilə bağlı müəyyən addımlar atılmışdır, müqayisə aparmaq istəmirəm. Ancaq deyə bilərəm ki, bu məsələ ən genişmiqyaslı və vətəndaşları təmin edəcək şəkildə, ədalətli şəkildə Azərbaycanda həll olunub. Nə üçün? Ona görə ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Biz Azərbaycan vətəndaşının rifahı üçün əlimizdən gələni edirik. Beləliklə, 100 minlərlə insanı narahat edən bu məsələ də uğurla həll olundu. Yəni, kompensasiyaların verilməsi prosesi başlamışdır və əminəm ki, qısa müddət ərzində başa çatacaqdır.

         …Artıq evlərin, mənzillərin sənədləşməsi prosesi başlamışdır. Mən bu yaxınlarda göstəriş vermişdim ki, bu işlər daha da sürətlə getsin və o qüsurlar tezliklə aradan qaldırılsın, bu məsələ də öz həllini tapsın.

         Bu ilin yanvar ayında regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramı qəbul edilmişdir… Üç proqramın icrası nəticəsində ölkəmizdə bir çox önəmli məsələlər öz həllini tapıb, o cümlədən sosial infrastruktur sahəsində. 3200-dən çox məktəb tikilib və təmir edilib. Bizdə məktəb fondu təqribən 5000-ə yaxındır. Onların böyük hissəsi yenidən qurulub və bu proses davam etdirilir. 640-dan çox tibb müəssisəsi tikilib və yenidən qurulub. Demək olar ki, indi bizim bütün şəhərlərimizdə, – bir neçə şəhəri istisna etmək şərtilə, orada da yaxın zamanlarda bu işlər görüləcək, – ən müasir avadanlıqlarla təchiz edilmiş xəstəxanalar var…

         İnfrastruktur layihələri ilə bağlı, görün, nə qədər böyük işlər görülüb. Bu gün qazlaşdırmanın səviyyəsinə görə Azərbaycan dünyada lider ölkələrdəndir, qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb. Biz ən ucqar dağ kəndlərinə qaz xətləri çəkdik. Halbuki bu, iqtisadi cəhətdən səmərəsizdir. Biz Azərbaycanda qazın mövcud olan aşağı tarifi ilə o xərcləri heç vaxt qarşılaya bilmərik. Onu da bildirməliyəm ki, Azərbaycanda təbii qazın tarifləri dünya miqyasında ən aşağı səviyyələrdən biridir, bəzi qonşu ölkələrdən iki-üç dəfə aşağıdır. Qazın olmaması insanları narahat edən məsələ idi. İndi bizim təqribən 3-4 faiz yaşayış məntəqələrimiz var ki, orada qaz yoxdur. Biz o işləri də görəcəyik.

         …Biz xaricdən elektrik enerjisini alırdıq və özümüzü güc-bəla ilə təmin edirdik. İndi biz xaricə elektrik enerjisi ixrac edirik. Ölkə daxilində bütün bu işlər görülüb. Yolların çəkilişi – 15 min kilometr avtomobil yolu salınıb.

         …Bu il iri sənaye müəssisələrinin açılışı olmuşdur. İki böyük zavodun – karbamid və yüksək sıxlıqlı polietilen zavodlarının açılışı bizim sənaye potensialımızı böyük dərəcədə gücləndirir. Bu zavodlarda yüzlərlə yeni iş yeri yaradılıb. Orada işləyən vətəndaşlar təlim keçiblər. Onlar bir neçə ölkədə təlim kurslarında olmuşlar. Orada işləyənlərin əksəriyyəti gənc mütəxəssislərdir. Bu, həm yeni texnologiyalardır, həm qeyri-neft sektorunun inkişafıdır, ixrac potensialımızın artırılmasıdır.

         …Mənim bu yaxınlarda Çin Xalq Respublikasına etdiyim səfər çərçivəsində görüşdüyüm iri şirkətlərin rəhbərlərinin fikri də çox müsbətdir. Onlar da Azərbaycana sərmayə qoymaq üçün indi işlər aparırlar və böyük maraq göstərirlər”

         Daha sonra Dövlətimizin Başçısı Azərbaycanın ən yüksək səviyyədə təmsil olunduğu VII Bakı Qlobal Forumu, OPEC+ və  Cənub Qaz Dəhlizinin Məşvərət Şurası platformalarında əldə edilmiş yüksək iqtisadi və siyasi nailiyyətlərdən söz açmışdır.

         Sözsüz ki, Dövlətimizin Başçısı erməni işğalları nəticəsində doğma yurdlarından didərgin düşmüş soydaşlarımız və ümumiyyətlə, işğal edilmiş torpaqlarımız probleminə də xüsusi olaraq toxundu.

         Prezident İlham Əliyev öz çıxışında bildirdi: “… Sosial məsələlər arasında, əlbəttə ki, məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Bu il artıq 810 məcburi köçkün ailəsi yeni müasir qəsəbəyə köçürülür. Bu proses davam etdiriləcək. Bu, bizim ən prioritet məsələlərimizdən biridir. Bu məsələyə biz daim diqqət göstəririk.

         O ki qaldı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə, bizim mövqeyimizdə heç bir dəyişiklik yoxdur. Prinsipial mövqeyimiz ondan ibarətdir ki, bu məsələ ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələr əsasında, Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun həll olunmalıdır. Başqa yanaşma yoxdur. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Onu da bildirməliyəm ki, danışıqlar formatı dəyişməz olaraq qalır. Baxmayaraq ki, bəzi cəhdlər olub, ancaq bizim fəaliyyətimiz nəticəsində bu cəhdlərin qarşısı alınıb. Həmçinin Minsk qrupunun həmsədrləri tərəfindən martın 9-da verilmiş açıqlama ünvanlıdır, birmənalıdır və bir daha onu göstərir ki, münaqişənin iki tərəfi var. Ona görə hesab edirəm ki, bu mövzu artıq öz həllini tapıb. Biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq, ölkəmizi, ordumuzu gücləndirəcəyik. Bu ilin əvvəlindən bu istiqamətdə də böyük işlər görülüb və görüləcək”.

         Dövlətimizin başçısının nitqində açıqlanmış həqiqətlər Xalqımızın və Dövlətimizin taleyinin müdrik və güclü bir tarixi şəxsiyyətin güvəncli əllərində olduğunu bir daha nümayiş etdirdi.

Qarxunlu

 “Millətçilik” qəzeti 

ƏvvəlkiOrta məktəb müəllimi oğurlandı – Beyləqanda şok olay
Növbəti3 May Türkçülük Günü