Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Nuriyev Kənan Hafiz oğlunun odlu silahdan atəş açmaqla özünə xəsarət yetirməsi barədə Şəmkir Hərbi Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilib.
Daxil olmuş məlumat əsasında Şəmkir Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra olunub.
Fakt üzrə Şəmkir Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir. Qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.