Azərbaycan hökuməti ilə Dünya Bankı Qrupu (DB) arasında əməkdaşlıq çərçivəsində bu gün Səhiyyə Nazirliyində DB-nin Cənubi Qafqaz üzrə İnsan Resurslarının İnkişafı təcrübə Proqram Qrupunun rəhbəri Ahmet Levent Yenerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Səhiyyə Nazirliyindən Trend-ə bildirilib ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, səhiyyə sisteminin təkmilləşdirilməsi ölkəmiz üçün prioritet məsələdir. Onun sözlərinə görə, Dünya Bankı ilə müxtəlif sahələrdə əməkdaşlıq ölkəmizdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyi bu sahədə Dünya Bankı ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.
Sonra Dünya Bankının nümayəndələri “Azərbaycanda Rəqəmsal Səhiyyə Ekosisteminin Qiymətləndirilməsi: 2022-2026-cı illər üçün Azərbaycanın Milli Səhiyyə İnformasiya Strategiyasının hazırlanması” layihəsi çərçivəsində ölkəmizdə rəqəmsal səhiyyənin inkişafı ilə bağlı təkliflərini təqdim etdilər.
İşgüzar və səmimi şəraitdə keçən görüş zamanı tərəflər həmçinin Azərbaycanda elektron səhiyyə strategiyasının hazırlanmasında texniki yardım layihəsinin həyata keçirilməsini müzakirə etdilər.