Tədris ilinin sonunda məktəblilərin ekskursiyalara, yaxud istirahət zonalarına aparılması hallarının sayı artmaqdadır. Təəssüf ki, belə səfərlər adətən qeyri-müntəzəm sərnişin daşıma fəaliyyəti göstərən və ya təsadüfi şəxslərlə şifahi sövdələşmə əsasında həyata keçirilir. Bu zaman nəqliyyat vasitəsinin texniki sazlığı, sürücünün peşəkarlıq və sağlamlıq vəziyyəti, avtomobil idarə etmək hüququnun olub-olmaması, ümumiyyətlə, qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblər nəzərə alınmır.
Baş Dövlət Yol Polisi İdarəsindən (DYP) AZƏRTAC-a bildirilib ki, qeyd olunan səbəblərdən baş verə biləcək xoşagəlməz halların qarşısının alınması üçün təhsil müəssisələrinin rəhbərliyinə, eləcə də azyaşlıların ekskursiyasını fərdi qaydada təşkil edən şəxslərə belə səfərləri yalnız ixtisaslaşmış qurumlar vasitəsilə həyata keçirmək tövsiyə olunur.
“Eyni zamanda, avtobus və mikroavtobus sahiblərinin və sürücülərinin nəzərinə çatdırılır ki, respublikanın avtomobil yollarında ayrı-ayrı şəxslərin təşəbbüsü ilə uşaq qruplarının qanunvericiliyin tələbləri pozulmaqla daşınması halları aşkar olunduqda həmin nəqliyyat vasitələrinin hərəkəti qadağan edilməklə sürücüləri inzibati məsuliyyətə cəlb ediləcək.
Ümidvarıq ki, valideynlər də tövsiyələri nəzərə alaraq, səyahətlər zamanı övladlarının təhlükəsizliyinə daha çox diqqət ayıracaqlar”, – məlumatda qeyd edilib.