Türk dövlətləri arasında son illərdə əməkdaşlıqda yeni səhifənin açıldığını düşünürəm. Əməkdaşlıq çoxtərəfli formatda bütün sahələri əhatə edir. Türk dövlətləri arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə çatıb. Bu müttəfiqlikdə hüquq sahəsində olan fəaliyyətlər istisna deyil. Bütövlükdə hüquq sahəsində Türk dövlətlərı arasında sıx əməkdaşlıq formalaşıb və getdikcə dərinləşməkdədir.
AZƏRTAC xəbər verir ki, bunu ədliyyə naziri Fərid Əhmədov “Türk dövlətlərinin hüquq tətbiqetmə fəaliyyətlərində rəqəmsallaşma və inteqrasiya” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.
Nazir bildirib ki, rəqəmsallaşma sahəsində bütün türk dövlətlərində ədalət mühakiməsi səviyyəsində bir sıra işlər həyata keçirilir. Azərbaycanın da bu sahədə bir sıra vacib təşəbbüsləri var.
“Texnoloji hazırlıq səviyyəsini ölçərək bu dövlətlər arasında sıx əməkdaşlıq təşkil edə bilərik. Bu, eyni zamanda, peşəkar kadrların hazırlanmasını, hüquq- mühafizə sahəsində çalışan əməkdaşların günün tələblərinə cavab verən peşəkar kimi formalaşdırılmasını tələb edir. Bu istiqamətdə ədliyyə akademiyalarının böyük rolu vardır”, – deyə, nazir vurğulayıb.