Gələn il yanvarın 1-dən etibarən vergiödəyicilərinin elektron kabinetdən istifadəsi zamanı yeni qayda qüvvəyə minir. Belə ki, həmin tarixdən vergi orqanı tərəfindən verilmiş kod-paroldan istifadə etməklə elektron kabinetə daxil olmaq imkanları məhdudlaşdırılacaq, ödəyicilər yalnız gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə bu imkandan yararlana biləcəklər.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, gücləndirilmiş elektron imzası olan vergiödəyiciləri mobil telefon, kompüter və digər mobil qurğular vasitəsilə bütün elektron xidmətlərdən maneəsiz və təhlükəsiz istifadə edə biləcəklər.
Vergiödəyicisi elektron kabinetinə daxil olmaq və sadalanan elektron xidmətlərdən faydalanmaq üçün gücləndirilmiş elektron imzaya (Asan İmza) sahib olmalıdır. Vergiödəyicilərinə bu yeniliyin indidən təqdim edilməsi onlara “Asan İmza”ya sahib olmaq üçün vaxt qazandırır.
Gücləndirilmiş elektron imzanın istifadəsi ilk növbədə vergiödəyicisi üçün yüksək təhlükəsizlik vəd edir. Həmçinin vergiödəyiciləri gücləndirilmiş elektron imza vasitələrindən istifadə etməklə bir sıra elektron xidmətlərdən, o cümlədən əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması, e-qaimə-fakturaların təqdim olunması və s. xidmətlərdən yararlana bilirlər.