İyunun 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Minskdə “Avrasiya İqtisadi İttifaqının ərzaq təhlükəsizliyi” plenar sessiyasında qonaq qismində iştirak edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, plenar sessiyada iştirak edən Ə.Əsədov iştirakçıların diqqətini ərzaq təhlükəsizliyinin əhəmiyyətinə çəkib.
Qeyd olunub ki, ərzaq təhlükəsizliyi cəmiyyətin sağlamlığının, rifahının və davamlı inkişafının təmin edilməsində mühüm rol oynayır, ölkənin iqtisadi və sosial sabitliyi ilə bilavasitə bağlıdır, eyni zamanda, milli təhlükəsizlik baxımından strateji əhəmiyyətə malikdir.
Baş nazir bildirib: “Yuxarıda göstərilənləri və digər çağırışları nəzərə alaraq, ərzaq təhlükəsizliyinin təmin edilməsi Azərbaycanın dövlət iqtisadi siyasətinin strateji əhəmiyyətli prioritetlərindən biri kimi müəyyən edilib”.
Plenar iclas iştirakçılarına yerli məhsullara olan daxili tələbatın ödənilməsi məqsədilə iqtisadiyyatın kənd təsərrüfatı və yeyinti sahələrinin inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilən ardıcıl tədbirlər barədə məlumat verilib.
Kənd təsərrüfatı və ərzaq məhsullarının təhlükəsizliyinə, eləcə də bitki və heyvanların sağlamlığına diqqət artırılır.
Diqqətə çatdırılıb ki, həyata keçirilən kompleks tədbirlər nəticəsində ötən il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalının həcmi 3 faiz artıb. Eyni zamanda, heyvandarlıq məhsullarında artım 3,2 faiz, bitkiçilikdə 2,7 faiz təşkil edib.
Ə.Əsədov əlavə edib: “Müsbət tendensiya bu il də davam edir. İlk dörd ay ərzində kənd təsərrüfatı məhsullarının istehsalı 1,6 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalı 1,5 faiz, bitkiçilik məhsullarının istehsalı isə 2,7 faiz artıb”.
Vurğulanıb ki, dəstək tədbirləri sayəsində ölkənin bir sıra ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, kartof, yumurta, ət və süd məhsulları ilə özünütəminetmə səviyyəsi 80 faizi ötüb.
Baş nazir ötən ilin sonunda Azərbaycanın qeyri-neft-qaz ixracının təxminən 10 faiz artdığını da qeyd edib.
Ərzaq məhsulları istehsalçılarının həvəsləndirilməsi istiqamətində kompleks tədbirlərdən danışan Ə.Əsədov onlara subsidiyaların, vergi, gömrük və bir sıra digər güzəştlərin verildiyini bildirib.
Fevral ayında Nazirlər Kabineti mikro, kiçik və orta biznesə əlavə dəstəyin göstəriləcəyi iqtisadiyyatın prioritet sahələrinin siyahısını təsdiq edib. İqtisadiyyatın mühüm sahələrindən biri kimi kənd təsərrüfatı da bu siyahıya daxil edilib.
Bitki və heyvan sağlamlığının qorunması sahəsində ardıcıl tədbirlərdən danışan Ə.Əsədov qeyd edib ki, qanunvericilik bazasının təkmilləşdirilməsi, yüksək texnologiyalar və innovativ həllərdən istifadə, laboratoriya imkanlarının artırılması, sərhəddə baytarlıq və fitosanitar nəzarətinin gücləndirilməsinə xüsusi diqqət yetirilir.
İqlim dəyişikliyinin ərzaq təhlükəsizliyinin təmin edilməsinə mənfi təsirinə toxunan Ə.Əsədov Azərbaycanın iqlim dəyişikliyi ilə qlobal mübarizəyə verdiyi töhfələr barədə plenar sessiya iştirakçılarına məlumat verib. O bildirib ki, bu il COP29-un Azərbaycanda keçirilməsi ölkənin bu istiqamətdə strategiyasının tərkib hissəsidir.
Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsinə dair bütün məsələlər üzrə Avrasiya İqtisadi İttifaqının tərəfdaş üzvləri ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da inkişaf etdirməyə hazır olduğu ifadə edilib.