Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəhbəri Arkadi Dvorkoviçə məktub ünvanlayıb.
AŞF-dən “Report”a verilən məlumata görə, məktubda dünyanı bürüyən koronavirus pandemiyası zamanı Rusiyada bütün idman yarışlarının təxirə salındığı yada salınaraq, bununla belə Yekaterinburq şəhərində şahmat üzrə İddiaçılar Turnirinin təşkili barədə yazılıb.
Azərbaycan Şahmat Federasiyası FIDE rəhbərliyindən Teymur Rəcəbovun hüquqlarını qorumağı və Azərbaycan şahmatçısını İddiaçılar Turnirinə qaytarmaqla ədaləti bərpa etməyi xahiş edib.
Qeyd edək ki, Teymur Rəcəbov iştirakçıların sağlamlığının təhlükə altına alınması səbəbindən İddiaçılar Turnirinin başqa tarixə təxirə salınmasını təklif edib. FIDE bununla razılaşmayıb və Teymur Rəcəbov Maksim Vaşye-Laqravla əvəzlənib. Nəticədə koronavirus pandemiyasına görə turnir martın 26-da yarımçıq dayandırılıb. Buna Rusiya Federasiyası hökumətinin digər ölkələrlə hava əlaqəsinin kəsilməsi barədə qərarı səbəb olub. Turnirin başqa vaxtda davam etdiriləcəyi açıqlanıb.