Xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Rumıniyanın baş nazirinin müavini xanım Ana Birçallı qəbul edib.
XİN-dən APA-ya bildirilib ki, Ana Birçall Bakıda Respublika Narkoloji Mərkəzində baş vermiş yanğın nəticəsində insanların həlak olması ilə bağlı Rumıniya rəhbərliyi adından və öz adından Azərbaycan xalqı və dövlətinə başsağlığı verib.
A. Birçall 2017-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini vurğulayaraq, 2018-ci ilin Azərbaycan və Rumıniyanın müstəqilliklərinin 100 illiyi ilə əlamətdar olduğunu deyib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən VI Qlobal Bakı Forumunun mühüm beynəlxalq məsələlərin müzakirə olunduğunu platforma olduğunu deyən qonaq forumda iştirakından məmnunluğunu ifadə edib.
O, Azərbaycan prezidenti İlham Əliyevin forumun açılışında çıxışını, Azərbaycanın inkişafı naminə dövlət başçısının strateji baxışını və Azərbaycanda multikultural ənənələrin inkişafı və təşviqini yüksək qiymətləndirib.
Görüşdə Azərbaycan və Rumıniya arasında ikitərəfli münasibətlərin siyasi dialoqun inkişaf etdirilməsi, yüksək səviyyəli qarşılıqlı səfərlərin təşkili, enerji, nəqliyyat, mədəniyyət və iqtisadi sahədə əməkdaşlıq məsələlərinə toxunuldu. İqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi baxımdan Hökumətlərarası birgə komissiyanın iclasının tezliklə keçirilməsi və biznes forumun təşkilinin vacibliyi qeyd olunub.
Ana Birçall bildirib ki, Rumıniya Azərbaycanın Avropa İttifaqı və NATO ilə əlaqələrinin inkişafını davamlı surətdə dəstəkləyir.
Söhbət zamanı tərəflər ölkəmizin təşəbbüsü ilə həyata keçirilən mühüm enerji və nəqliyyat layihələri, xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolu xətti və Cənub Qaz dəhlizi haqqında müzakirələr aparıblar.
Elmar Məmmədyarov Cənub-Qərb nəqliyyat dəhlizinin inkişafı haqqında məlumat verərək bu xüsusda Qara dəniz vasitəsilə Rumıniya ilə əməkdaşlıq üçün geniş imkanların olduğunu nəzərə çatdırıb. A.Birçall isə Azərbaycanın strateji mövqeyə malik olduğunu vurğulayıb, Rumıniyanın nəqliyyat sahəsində əməkdaşlıq imkanlarını yüksək qiymətləndirdiyini və Qara dəniz və Xəzər dənizi arasında bərə nəqliyyatı ideyasını dəstəklədiyini qeyd edib.
Rumıniyanın baş nazirinin müavini bildirib ki, Rumıniya, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar yolu ilə beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini dəstəkləyir.