Türk.az-ın məlumatına görə, Bakı Dövlət Universitetinin “Kitabşünaslıq və nəşriyyat işi” kafedrasının müəllimi, tarix üzrə fəlsəfə doktoru Leyla Abasovanın təsis etdiyi “Elmi inkişaf” jurnalının təqdimat mərasimində BDU-nun “Jurnalstikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri”, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının ilk sədri, filologiya elmləri doktoru, professor Cahangir Məmmədli, Biologiya elmləri namizədi, BDU-nun Biologiya fakültəsinin “Zoologiya” kafedrasının dosenti, BDU-nun Sabah mərkəzinin rəhbəri İradə Süleymanova, AMEA-nın “Dünya ədəbiyyatı və komparativistikası” şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Lyudmila Səmədova, ADPU-nin pedaqogika kafedrasının professoru Rüfət Hüseynzadə, AMEA-nın elmi işçisi Elçin Əliyev, “Xəzan” jurnalının təsisçisi Əlibəy Azəri, ADMİU-nun müəllimi, xalq artisti Həmidə Ömərova, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin idarə heyətinin üzvü Samir Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstəyi Şurasının Mətbuat Xidmətinin rəhbəri Elməddin Behbud, AMEA-nın Fəlsəfə institutunun böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ruşan Ruşanzadə, ADMİU-nun müəllimi Aysel Həsənova, Natiq Mürsəlov, yazıçı-publisist Şöhrət Səlimbəyli və başqaları iştirak edirdilər.
Tədbiri Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsinin “İqtisadiyyat” ixtisasının III kurs tələbəsi Qalib Süleymanov açaraq qonaqları salamladıqdan, tədbirə giriş nitqindən sonra ilk sözü BDU-nun professoru Cahangir Məmmədliyə verdi.
Cahangir Məmmədli çıxışında jurnalın nəşrini yüksək qiymətləndirərək onun tələbələr üçün son dərəcədə əhəmiyyətli olduğundan bəhs etdi və jurnalın öz nəşri ilə tələbə gənclərin elmi təşəbbüsləri üzrə informasiya siyasətini ortaya qoyması haqqında ətraflı danışdı. C.Məmmədli qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün gənclərin inkişafına yüksək qiymət verir, onlar üçün geniş imkanlar yaradır. “Bu baxımdan da Leyla Abasovanın təşəbbüsü ilə jurnalın təmənnasız nəşri böyük əhəmiyyət kəsb edir. Jurnalda təqdim edilən tələbələrin məqalələrini diqqətlə oxudum və çox kövrəldim. Ona görə ki, bir daha əmin oldum ki, müasir gənclik klassikanı nə dərəcədə sevir. Bu çox böyük nailiyyətdir.” Bütövlükdə bu jurnalın Azərbaycan gəncliyinin inkişafı üçün əhəmiyyətli bir rol oynayacağını qeyd edən C.Məmmədli bütün tələbələri bu jurnalın işıq üzü görməsi münasibətilə təbrik etdi.
Qalib Süleymanov Elmi İnkişaf jurnalının veb saytının təqdimatını edərək elmi-inkishaf.az saytında yaradılmış bölmələrlə iştirakçıları tanış etdi. Sonra isə sözü jurnalın təsisçisi və baş redaktoru tarix üzrə fəlsəfə doktoru Leyla Qabil qızı Abasovaya verdi.
Leyla Abasova qonaqları salamladıqdan sonra jurnalın yaranma səbəbləri ilə qonaqları tanış etdi: “Elmi İnkişaf jurnalının ilk sayı 2019-cu ildə işıq üzü gördü. Biz tələbələrə mövzular təqdim etdik. Onlar sevdikləri mövzuları seçib, araşdırmaya başladılar. Sonra isə Tələbə Elmi Cəmiyyətində hazırladıqları mövzular üzrə çıxışlar etdilər. Onların araşdırmalarına müəllimlər tərəfindən qiymət verildi və ən yaxşı tədqiqatlar çapa məsləhət görüldü. Beləliklə, bu jurnalda onların elmi məqalələri nəşr olundu. Demək olar ki, onlarda inam, məsuliyyət və elmə həvəsin daha da yüksəldiyinin şahidi olduq.” L. Abasova çıxışında qeyd etdi ki, jurnalın tərtibatını özü verib. Məqsədi tələbələrin Tələbə Elmi Cəmiyyətində fəaliyyətlərini artırmaq, onlarda elmi axtarışlara həvəs yaratmaq, həmçinin tələbələr arasında əlaqə və universitetlər arasında körpü yaratmaqdır. L. Abasova çıxışının sonunda bütün iştirakçılara təşəkkürünü bildirdi və onun da bu mərhələyə gəlib çatmasında müəllimlərinin rolunun böyük olduğunu vurğuladı.
Çıxış edənlər sırasında prof. L. Səmədova da var idi. O da, çıxışında jurnalın nəşri münasibətilə hər kəsi, xüsusilə tələbələri təbrik etdi. Bir vaxtlar tələbəsi olduğu L.Q. Abasova haqqında geniş söhbət açdı. Qeyd etdi ki, L.Q. Abasova hələ təhsil aldığı tələbəlik illərində də fəal və elmə həvəsli olmuşdur. Onun bu günkü uğurları onu çox sevindirir və müəllimi kimi Leyla ilə qürur duyur.
Professor İslam Sadıq çıxışında jurnalın nəşri münasibətilə hər kəsi təbrik edərək jurnal haqqında öz fikirlərini iştirakçılarla bölüşdü. Qeyd etdi ki, jurnalla tanış olanda jurnalın üzərində nə qədər zəhmətin böyük olduğunu görmüşdür. “Bu jurnala adi jurnal kimi baxmaq olmaz. Bu jurnal tələbə müəllim sevgisinin çox gözəl örnəyidir. Yəni Leyla xanımın tələbələrlə işləməsi, onlara olan sevgisi bu jurnalda öz əksini tapmışdır.” Çıxışının sonunda İslam Sadıq yaradıcı kollektivə uğurlar arzuladı.
Professor Rüfət Hüseynzadə öz çıxışında qeyd etdi ki, bu gün çox sevindirici, fərəhləndirici bir haldır. “Bu il Elmi İnkişaf jurnalının birinci nömrəsi işıq üzü görmüşdür və təqdimata toplaşmşıq. Mən bu gün münasibətilə bütün müəllimləri, tələbələri təbrik edirəm. Jurnalın redaksiya heyətinin də uğurlu təşkil oldunduğunu görürəm. Bu jurnal respublika miqyasından kənara çıxır, hətta xaricdə təhsil alan tələbələr də bu jurnalla əməkdaşlığa maraq göstərirlər. Mən çox istəyirəm ki, bu jurnal bütün ali məktəbləri əhatə etsin, bütün müəllimlərin, tələbələrin əllərində olsun. Bu jurnal bizim ölkəmizin bölgələrində olan ali məkətblərimizin əlində olsun, bu jurnala abunə yazılışı həyata keçirilsin və jurnalın auditoriyası daha da genişlənsin. Məlumdur ki, hər bir işin əsasında elm durur. Elmsiz kimsə irəli gedə bilməz. Bizim tələbələrimiz elm yolundadırlar, məhz elmi olanlar qələbə çalacaqlar. Bu jurnal həm elmin inkişafına kömək məqsədi güdür, həm də tədrisin keyfiyyətini yüksəldir. Tələbələrimizin tədqiqatçılıq bacarığı inkişaf edəcək. Araşdırmalar aparacaqlar. Onların dünyagörüşünü genişləndirəcək, ixtisas biliklərini daha da dərinləşdirəcəkdır. Bu cəhətdən mən bu jurnala uğurlar arzu edirəm. Və daha böyük auditoriyaya sahib olmasını arzu edirəm. Bu jurnalın inkişafında bizim müəllimərimizin də böyük rolu olmalıdır. Tələbələrimizi elmi işə həvəsləndirməlidirlər. Yalnız bunun sayəsində biz elmimizi, təhslimizi, tədrisimizi inkişaf etdirə bilərik. Bu jurnal BDU-nun 100 illiyinə gözəl bir hədiyyədir.”
“Xəzan” jurnalının təsisçisi və baş redaktoru Əli bəy Azəri də çıxış edərək jurnalın nəşri münasibətilə hər kəsi təbrik etdi. Jurnalın həm ənənəvi çap formasının həm də, elektron veb saytının yaradılmasını alqışladı. Tələbələrə üzünü tutub dedi ki, nə yazırsınız yazın, lakin yazılarınıza milli mənafeyimiz tərəfdən yanaşmağı unutmayın. Ən böyük sərvətimiz bizim milli kimliyimizdir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin müəllimi, xalq artisti Həmidə Ömərova bütün qonaqları salamladı. Qeyd etdi ki, burda çox maraqlı çıxışlar dinlənildi. “Bu jurnal tələbələr üçün qiymətli materialdır. Bu jurnal tələbələrimzin biliyini artırmaq məqsədilə, düşüncə tərzini, fikirlərini ifadəetmə qabiliyyətini asanlaşdırmaq məqsədilə böyük rol oynaya bilər. Hamınızı bu jurnalın nəşri münasibətilə təbrik edirəm.”
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin idarə heyətinin üzvü Samir Əliyev çıxışında bildirdi ki, bu jurnalın nəşri çox əhəmiyyətli bir hadisədir. “Çünki, indiki dövrdə belə bir nəşrin həyata keçirilməsi maddi cəhətdən çətin məsələdir. Öz tələbəlik illəri ilə müqayisə apararaq qeyd etdi ki, biz tələbə olanda məqaləmizi çap etdirmək üçün jurnal tapa bilmirdik, lakin bu gün tələbələr üçün bu cür gözəl imkan yaradılıb. Bu doğurdan da alqışlanacaq bir hadisədir. Bu jurnalda tələbələrin iştirak etməsi çox sevindirici bir haldır. Biz öz düşmənlərimizə öz biliyimizlə qalib gələ bilərik. Bilirik ki, bilik ən güclü silahdır. Tələbələrin savadlı olması bizim gələcəyimiz üçün olduqca önəmlidir. Bunun üçün bütün yaradıcı heyətə öz dərin minnətdarlığımı bildirirəm.”
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstəyi Şurasının Mətbuat Xidmətinin rəhbəri Elməddin Behbud çıxışında bildirdi ki, mənim üçün çox xoşdur ki, bu sayda auditoriya son on illiklərdə çox öyrəşdiyi hansısa əyləncəli tədbir üçün yox, məhz elmi tutumlu bir sahə üçün, hansısa akademik çalışmaların nəticələrinin təqdim olunması ilə bağlı bir araya gəlib. “Bunun özü cəmiyyətimiz üçün çox faydalıdır, çox önəmlidir və indiki dövr üçün də böyük aktuallıq kəsb edir. Bizim aid olduğumuz cəmiyyətin də elmi yaradıcılığa xüsusi diqqət yetirməsi, xüsusilə də gənc yaşlardan tələbələrdə müvafiq sahə üzrə ixtisaslaşdırılması və istiqamətləndirilməsi üçün onlara zəruri şəraitin yaradılması, müvafiq resurslarla təmin olunması çox mühüm əhəmiyyət kəsb edir. Bu jurnalda tələbələrin elmi məqalələrlə çıxış etməsi çox sevindirici bir haldır. Bu cür jurnallar bütövlükdə cəmiyyətin inkişafına xidmət edir, bu müqəddəs işdə mən Leyla xanıma uğurlar arzu edirəm.”
ADMİU-nun müəllimi Natiq Mürsəlov öz çıxışında bütün professor və müəllim heyətini salamlayaraq qeyd etdi ki, həqiqətən də BDU-nun hər bir uğuru hər birimzi, o cümlədən bu universitetin məzunu kimi məni də sevindirir. “Mən çox sevinirəm ki, ADMİU-nun tələbələri bu gün təqdimatını keçirdiyimiz Elmi İnkişaf jurnalında öz məqalələri ilə iştirak ediblər. Mən bir müəllim kimi belə fikirləşirəm ki, biz də tələbələrin bu işdə fəal olmasına yardımçı olmalıyıq, onları elmi yaradıcılığa həvəsləndirməliyik. Bu işdə jurnalın təsisçisi və baş redaktoru Leyla xanıma ugurlar arzu edirəm.”
Yazıçı publisist Şöhrət Səlimbəyli öz çıxışında bütün yaradıcı heyəti təbrik edərək qeyd etdi ki, bu jurnalın nəşri çox əlamətdar bir hadisədir. “Çünki, bu jurnal vasitəsilə tələbələr öz araşdırmalarını ictimaiyyətə çatdıracaqlar. Arzu edirəm ki, bu jurnal təkcə humanitar sahələrlə deyil, həm də texniki sahələrlə də zənginləşsin.”
AMEA-nın Fəlsəfə institutunun böyük elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ruşan Ruşanzadə çıxışında tədbirin təqdirəlayiq olduğunu qeyd etdi. “Birinci qeyd edim ki, bu jurnalın ərsəyə gəlməsində Leyla Abasovanın zəhməti danilmazdır. İkincisi isə jurnalın ərsəyə gəlməsi özü hadisədir. Tələbələrə üzümü tutub demək istəyirəm ki, yaxşı oxumaq, elmi araşdırmaları davam etdirmək lazımdır.”
AMEA-nın elmi işçisi Elçin Əliyev çıxışında jurnalın nəşri münasibətilə Leyla xanımı təbrik etdi. “Təbrik edirəm ona görə ki, burda tələbənin dilindən eşitdiyim sözə görə “Leyla müəllim bizim mənəvi anamızdır”. Yəni bu sözü qazanmaq üçün, mənəvi ana adını qazanmaq üçün uzun illər lazımdır. Mən sizi təbrik edirəm ona görə ki, tələbələrimizi düşünüb dərc edilən tələbələrin məqalələrinin pulsuz çapını həyata keçirdiyinə görə. Bu gün məlum məsələdir ki, maddi çətinliyinə görə tələbələrin hamısının jurnallarda məqalə dərc etdirmək imkanı olmur və bu düşünülmüş olduğuna görə sizi təbrik edirəm. Sizi təbrik edirəm ona görə ki, doğurdan da Sizin cəsarətiniz, işguzarlığınız, qabiliyyətli olmağınız bu gün bu cür əhəmiyyətli bir jurnalın ərəsəyə gəməsinə gətirib çıxarmışdır. Burda bayaq əməkdaşlar qeyd etdilər, həqiqətən də gəlir gətirməyən bir sahəyə bütün əməyini vermək bu özü fədakarlıqdır, buna görə də Sizi təbrik edirəm. Mən jurnalda məqalələrə baxıram, həqiqətən bu tələbələr tərəfindən atılan ilk addımlardır. Üzümü tuturam tələbələrə deyirəm ki, bu sizin üçün yaradılmış ən uğurlu bir vasitədir. Bu jurnalın nəşrini dəyərləndirin. Ola bilər, birinci addımlar o qədər də uğurlu olmasın, ikinci addımlar bir qədər daha uğurlu, addım-addım sizin elm yollarında addımlamağınız çox önəmldir. Çünki bizim elmimizin inkişafı üçün sizin addımlamağınız çox vacibdir. Elmin hər hansı bir nailiyyəti varsa, bu hamımızın nailiyyətidir. Buna görə də bu jurnalın nəşri münasibətilə hamını təbrik edirəm.”
BDU-nun Biologiya fakültəsinin “Zoologiya” kafedrasının dosenti, BDU-nun Sabah mərkəzinin rəhbəri İradə Süleymanova çıxışında bildirdi ki, bu gün çox əlamətdar bir gündür. “Çünki tələbə tədqiqatının ünvanı müəyyənləşib. Bu jurnal Azərbaycan gəncliyinə, Azərbaycan tələbəsinə çox böyük töhfədir bu jurnal. Bu münasibətlə mən Leyla xanımı təbrik edirəm. Doğurdan da bunu dəyərləndirmək lazımdır. Mən iki təklif vermək istəyirəm, birinci təlifim: mən bu jurnalın təqdimatını Sabah qruplaırnda keçirmək istəyirəm. İkinci təklifim, redaksiya heyətinə texniki fənlərdən və digər sahələr üzrə elmi dərəcəli insanlar əlavə edilsin. Çünki, jurnalın proflində müxtəlif elmlər üzrə təhsil alan tələbələr nəzərdə tutulduğunun şahidi oldum. Bunun üçün redaksiya heyətinə digər sahələrdən də mütəxəssislər daxil edilməldirlər. Amma ümumilikdə jurnalın çap edilməsi tələbə dünyasına ən qiymətli töhfədir.”
Təqdimt mərasiminin sonunda jurnalın redaksiya heyəti tərəfindən jurnalın işıq üzü görməsində əhəmiyyətli rolu olmuş mütəxəssislərə və elmi araşdırma həyata keçirmiş tələbələrə müxtəlif nominasiyalar üzrə diplomlar təqdim edilib.
“Elmi-inkişaf” jurnalı Tələbə Elmi Cəmiyyətinin daha da inkişaf etdirilməsi, tələbə-gənclər tərəfindən aparılan elmi araşdırmaların işıqlandırılması, həmçinin tələbələrdə akademik fəaliyyətin stimullaşdırılması, o cümlədən elmi yaradıclıq fəaliyyətinin təşviqi üçün xüsusi əhəmiyyət kəsb edir. İldə iki dəfə nəşri nəzərdə tutulan “Elmi inkişaf” nəzəri və təcrübi jurnalı respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələrində Tələbə Elmi Cəmiyyətlərini daha da inkişaf etdirmək məqsədi güdür. Bu dərgidə tələbələrin ayrı-ayrı mövzular üzrə apardıqları sistemli elmi tədqiqat işləri nəticəsində əldə etdikləri uğurlar və nəticələr öz əksini tapır. Müxtəlif univeristetlərlə əməkdaşlıq, tələbələrin elmi yaradıcılığını stimullaşdırmaq, onlar arasında körpü yaratmaq bu jurnalın əsas amalıdır. Yaradılan elmi-inkishaf.az saytı vasitəsilə jurnalın elektron nəşrlərini də əldə etmək imkanı yaradılmışdır. Elmi-inkishaf.az saytında imkanlar daha geniş olduğu üçün veb-səhifədən jurnalın elektron nəşrlərindən əlavə yeni nəşr olunan elmi kitablar, dünyada fəaliyyət göstərən nəşriyyatlar, kitabxanalar, kitab mağazaları və muzeylər haqqında maraqlı məlumatlar əldə etmək mümkündür.
Sonda qey edək ki, hazırda jurnalın redaksiya heyətinə Akademik Ziyad Səmədzadə (Azərbaycan), Professor Abuzər Xələfov (Azərbaycan), Professor Xəlil İsmayılov (Azərbaycan), Professor Əsməd Muxtarova (Azərbaycan), Professor Lyudmila Səmədova (Azərbaycan), Professor Cahangir Məmmədli (Azərbaycan) və Prof. Dr. Mustafa Talas (Türkiyə) da daxil olmaqla Azərbaycan və Türkiyədən elm adamları daxildir.