Azərbaycan Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sədri İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə keçirilən Zirvə görüşü birliyin, fikir mübadiləsinin və həmrəyliyin ən gözəl nümunələrindən biridir. Oktyabr ayından sədrliyi öz üzərinə götürən Azərbaycan tərəfinin bu istiqamətdə atdığı addımlar, əməli fəaliyyət isə göz qabağındadır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Regional məsələlər komitəsinin sədr müavini Elşən Musayev söyləyib.
Deputat bildirib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası dünyada dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirən ilk beynəlxalq təşkilatdır . “Sevindiricidir ki, bu ilk məhz bizim ölkəmizin təşəbbüsü ilə baş tutdu. Təbii ki, normal şəraitdə fəaliyyət göstərmək daha münasib və rahatdır. Amma Azərbaycan Prezidenti sübut etdi ki, hətta kritik vəziyyətlərdə belə türkdilli dövlətlərin ümumi maraqlarının, ənənələrinin təşviqi, koronavirus pandemiyasına qarşı bərabər mübarizənin təşkili üçün imkanlar yaratmaq mümkündür. Dövlət başçısı öz mükəmməl və müfəssəl çıxışında da həmin məqamlara ən xırda təfsilatlarına qədər toxundu. Ölkədə görülən işlərdən, aparılan islahatlardan danışdı. Həqiqətən də, Azərbaycan dövləti ən kritik və fors-major vəziyyətlərə belə hazırdır. Əgər belə olmasaydı, mövcud tablo da olmazdı. Daha dəqiq desək, vəziyyət tam başqa istiqamətə yön ala bilərdi”, – deyə E.Musayev diqqətə çatdırıb.
Koronavirus pandemiyası ilə mübarizədə Azərbaycan hökumətinin, səhiyyəmizin gördüyü işlərdən danışan deputat bildirib ki, dövlət başçısının rəhbərliyi altında bütün aidiyyəti qurumlar öz işini məlum məsələnin həllinə yönəldiblər. Səhiyyənin, ələlxüsus, son 2 aydakı hərəkət dinamikası göz önündədir. Koronavirusla mübarizəyə yetərincə insan, tibb heyəti, personal cəlb olunub. Dinamik addımlar atılır. Mübarizənin ilk günlərindən Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah fasiləsiz xidmət göstərir.
Elşən Musayev diqqətə çatdırıb ki, müasir texnoloji avadanlıqlarla təchiz olunan “Yeni klinika”nın açılışı bu qədər tez gözlənilmirdi. Amma tez bir zamanda ərsəyə gəldi. Onun sözlərinə görə, yaxın günlərdə 6 modul tipli xəstəxananın istifadəyə verilməsi də Azərbaycan hökumətinin yaratdığı möcüzələrdən biri olacaq. “Laboratoriyaların radiusu, çərçivəsi genişlənir. Gün ərzində minlərlə test edilir. Hətta qeyri-tibb müəssisələri belə vətəndaşların, karantində olanların qulluğundadır. İşsiz qalan insanları dövlət öz himayəsinə götürüb, nə qədər insana sosial paket vasitəsilə yardım edilir, nə qədər sahibkar, işçi dövlətin qayğısından bəhrələnir. Tibbi maska məsələsi tamamilə həllini tapıb. 20 xəstəxanada koronavirus daşıyıcısı olan həmvətənlərimizin müalicəsi üçün ən gözəl şərait yaradılıb. Ölüm faizi Avropa və dünya ölkələri ilə müqayisədə əhəmiyyətli dərəcədə azdır. Cənab Prezident videokonfransda bax bu məqamları qeyd etdi, Azərbaycanın ümumbəşəri dəyərlərə və birlik formulasına nə qədər sadiq olduğunu növbəti dəfə diqqətə çatdırdı. Eyni zamanda, təcrübəmizi türkdilli dövlətlərlə bölüşdü”, – deyə Elşən Musayev qeyd edib.
O vurğulayıb ki, bir dövlətin məhz bu cür kritik durumlarda ayaq üstdə möhkəm durması üçün onun düzgün idarə olunması və müdrik liderə sahib olması gərəkdir. Azərbaycanın bu sarıdan bəxti gətirib. İlham Əliyev məlum vəziyyətdə atdığı düzgün və düşünülmüş addımları, dövlət qurumlarına və xalqa verdiyi tövsiyələri ilə nə qədər mükəmməl bir siyasətçi olduğunu dəfələrlə sübut edib. Deputat deyib:“Türk Şurasının növbəti konfransı həm də beynəlxalq sükuta son qoydu, hətta karantin dövründə də vahid platforma ilə çıxış etməyin mümkünlüyünü göstərdi və ən nəhayət, dünyanın başının özünə qarışdığı məqamda belə Azərbaycan üçün qlobal müzakirələrin, birliyin, həmrəyliyin nə qədər önəmli olduğunu özündə ehtiva etdi”.