Elm və təhsil naziri Emin Əmrullayev “EduCamp 2023” və “MathCamp 2023” düşərgələrinin iştirakçıları ilə görüşüb.
Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə nazir bu kimi tədbirlərin tələbələr arasında yeni əməkdaşlıqların qurulması, pedaqoji bilik və təcrübələrin qazanılmasında faydalı olduğunu diqqətə çatdırıb. Emin Əmrullayev ənənəvi tədris mühitindən kənarda ortaq istiqamətlərdə təhsil alan tələbələrin birgə təlimlərə cəlb edilməsinin onların ixtisas biliklərinin artırılması ilə yanaşı, ünsiyyət bacarıqlarının inkişafına da töhfə verəcəyini xüsusilə qeyd edib.
Tələbələrə öz tövsiyələrini verən elm və təhsil naziri görüşün sonunda düşərgə iştirakçılarını maraqlandıran sualları cavablandırıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Emin Əmrullayev düşərgələrin təşkil edildiyi tədris mərkəzində riyaziyyat və informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlaşan şagirdlərlə də görüşüb, onlarla səmimi söhbət aparıb.
Qeyd edək ki, martın 22-dən Elm və Təhsil Nazirliyinin dəstəyi və “Bir Könüllü” Tələbələrin İctimai Birliyinin təşkilatçılığı ilə “Tələbələrin inkişaf və əməkdaşlıq platforması” layihəsi çərçivəsində Quba rayonunda təhsil idarəetməsi və pedaqoji profilli ixtisaslarda təhsil alanlar üçün “EduCamp 2023” və riyaziyyat üzrə təhsil alanlar üçün “MathCamp 2023” düşərgələri keçirilir. Düşərgələr martın 26-dək davam edəcək.