Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli
Həsənov Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan AŞPA-da Avropa
Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə İtaliyanın
Milan məhkəməsinin bəraət qərarını şərh edib.
ƏLİ HƏSƏNOV HADİSƏNİ ŞƏRH ETDİ
Əli Həsənov bildirib ki, Milan məhkəməsinin 2018-ci il 13 fevral tarixli qərarı ötən
ilin ortalarında məlum anti-Azərbaycan mərkəzlərin və şəbəkələrin sifarişi ilə
Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Qarşı Jurnalistika Layihəsi (OCCRP)
adlı qeyri-şəffaf və bəlli məqsədlər üçün yaradılmış qurum vasitəsilə yayılmış
məlumatların əsassız, qərəzli olduğunu və Azərbaycanın sağlam beynəlxalq imicini
ləkələmək məqsədi güddüyünü təsdiqləyib.
"Qeyd edim ki, anti-Azərbaycan mərkəzlər və şəbəkələr bu kimi çoxsaylı feyk-
məlumatlarla həm Azərbaycan dövlətini, həm də ölkəmizə dost münasibəti
bəsləyən, onunla bağlı pozitiv fikirlər bildirən tanınmış şəxsləri – ictimai-siyasi
xadimləri, ekspertləri, jurnalistləri və s. hədəfə götürmək və qınaq obyektinə
çevirmək istəyirdilər. Təsadüfi deyil ki, həmin vaxt OCCRP-nin “Azərbaycanın
pulyuyan maşını” adlı qondarma materialı dünya mediasında sürətlə tirajlandı,
məsələ ilə ayrı-ayrı ölkələrin rəsmi instansiyaları maraqlandı və orada adları keçən
şəxslər, o cümlədən də guya Azərbaycandan 2 milyon 640 min dollar almış AŞPA-
da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə
xüsusi araşdırma başladıldı.
Xatırladım ki, həmin dövrdə də biz açıqlama yayaraq OSSRP-nin imzası ilə
dövriyyəyə buraxılmış bu iddiaların qərəzli, əsassız, təxribat xarakteri daşıdığını və
Azərbaycana qarşı bəlli dairələr tərəfindən təşkil edilmiş çirkin qarayaxma
kampaniyasının tərkib hissəsi olduğunu bildirmişdik. Göründüyü kimi, Milan
məhkəməsinin obyektiv araşdırması da bunu bilavasitə təsdiqlədi".
Əli Həsənov deyib ki, Azərbaycan hakimiyyəti dövlətin və onun tərəfdaşlarının
imicini ləkələmək məqsədilə həyata keçirilən belə qarayaxma kampaniyasının
təşkilatçıları və icraçıları haqqında kifayət qədər məlumatlıdır və yalnız Milan
məhkəməsinin qərarı ilə kifayətlənmək niyyətində deyil: "Biz bu çirkin əməldə əli
olanlarla bağlı müvafiq qaydada hüquqi prosedurlara başlamaq niyyətindəyik.
Məsələ ilə bağlı artıq Azərbaycanın aidiyyəti dövlət orqanlarına tapşırıqlar verilib.
Hesab edirik ki, demokratiya və söz azadlığı pərdəsi altında gizlənərək beynəlxalq
miqyasda ayrı-ayrı dövlətlərə, qurumlara, şəxslərə qarşı kampaniya təşkil edənlər
bunun məsuliyyətini də dərk etməli və cavabdehlik daşımalıdırlar".
ELXAN SÜLEYMANOV: SAXTA İTTİHAMLARIN MƏNTİQİ SONU
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin
üzvü Elxan Süleymanov APA xəbər agentliyinə ona və həmkarına qarşı korrupsiya
ittihamlarının arxasında "ermənilər, ermənilərə xidmət edən daxili və xarici
ermənipərəst, anti-Azərbaycan qüvvələri"nin dayandığını deyib.
Millət vəkili adlarını çəkmədən "fəal erməni lobbiçiləri kimi tanınmış bir neçə
Qərb deputatı"nı AŞPA-nın qış sessiyasında ona qarşı "mənfur" hücumlarda
ittiham edib.
Cənab Süleymanov Azərbaycanın iki AŞPA nümayəndə heyətindən milyonlarda
dollar dəyərində rüşvət almaqla ittiham olunan italiyan deputat Luca Volonte-nin
yanvarın 27-də keçirilən məhkəmə prosesindən danışıb:
"Milan prokurorluğunun ilkin istintaqlar üzrə Hakimlər Şurası İtaliya Xalqı
adından bəyan etdi: "Luka Volonte Giuseppe barədə qaldırılan iddianın əsassız
olması səbəbindən, onun öz səlahiyyətlərinin icrası zamanı rüşvət alması ittihamı
üzrə cinayət təqibinə xitam verilməsinə qərar verilir". Bu qərar ölkəmə və mənə
qarşı şəbəkələşmiş iftiraçıları ifşa etdi!"
BU XƏMİR HƏLƏ ÇOX SU APARACAQ
Aydın məsələdir ki, Luka Volonte Cuzeppenin işi bununla bitməyib. Məsələn,
italiyalı prokurorlar məhkəmənin qərarından şikayət edəcəklərini bildirirlər.
Aydındır ki, bu cür mövqe sırf prokuror vəzifəsi ilə izah edilir.
Azərbaycana qarşı neqativ mövqeyi ilə seçilən İtaliyanın bəzi KİV-ləri bildirirlər
ki, Luka Volonte Cuzeppeyə qarşı iddiaya xitam verilməsi guya onun AŞPA üzvü
kimi qazandığı "immunitetlik" ilə bağlıdır. Bu cür anlaşılmaz mövqeni isə, artıq
qərəz kimi dəyərləndirmək olar. Çünki AŞPA üzvünün hətta korrupsiyaya tab
gətirən immuniteti ola bilməz.
Ümumiyyətlə, Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun sözləri
ilə desək, əgər “kürü diplomatiyası” mövcud olubsa, buna birmənalı münasibət
bəsləmək olmaz. Çünki bu, Azərbaycanın aktiv diplomatik işini nümayiş etdirir.
Bəyəm, ermənilər azmı Avropa və ya ABŞ siyasətçilərini satın alıblar?
Keçmiş nazir vaxtilə KİV-lərə açıqlamasında bildirmişdir ki, “kürü diplomatiyası”
termininin özü populyarlıq səviyyəsinə görə “ermənilərin konyak dilomatiyası”
termini ilə rəqabətə girə bilər. Yəqin ki, ölkədən asılı olaraq, istənilən
diplomatiyanı bu və ya digər dad, yaxud qastronomiya termini ilə adlandırmaq
mümkündür.
Məsələn, dünən İsveçrə səfiri ilə görüşdə bu məsələni müzakirə edərkən mən
zarafatla “İsveçrə diplomatiyasını da “şokolad diplomatiyası” adlandırmaq olar”
dedim.
Sirr deyil ki, az qala, istənilən ölkənin istənilən səfirliyi əməkdaşları üçün xüsusi
fonda malikdir və həmin əməkdaşlar əlaqələrin qurulması, ölkə maraqlarının
siyasətçilər və olduqları ölkəni ictimaiyyət nümayəndələri arasında təbliği
məqsədilə məyyən vəsait sərf edirlər.
Ümumiyyətlə, Azərbaycan hökumətinə yalnız bir şeyi irad tutmaq olar – bu işə
ermənilərdən daha gec başlamalarını. Niyə gec? Çünki ABŞ-ın Azərbaycanla bağlı
907-ci düzəlişi bu işlərin aparılmadığı dövrdə qəbul olunmuşdu. Çünki ərazisinin
20 faizi işğal olunmuş, işğalçılar tərəfindən etnik təmizlənmə aparılmış, BMT-nin
məlumatlarına görə, sözügedən təmizləmələr zamanı 758 min vətəndaşını qurban
vermiş ölkənin ABŞ konqressinin sanksiyalarına məruz qalmasını nə sağlam
düşüncə, nə də ədalət meyarı ilə izah etmək MÜMKÜN DEYİL. Onda niyə
yüzlərlə ABŞ konqressmeni bir anda real qurbanları və real əzabları görməzdən
gəldilər? Cavab sadədir – bu, erməni lobbisinin fəaliyyətinin nəticəsidir. Onları
satın almışdılar. Gəlin hər şeyi öz adıyla çağıraq. Hədiyyələrlə, səs vədləri ilə,
Ermənistana səfərlərlə, seçki qərargahlarına ianələrlə satın almışdılar.
Bəs niyə heç kim bu barədə danışmır? Niyə təkcə Azərbaycan – xarici siyasətə
hamıdan gec qoşulan bu oyunçu tənqid olunur?
Bu sualın da cavabı sadədir – baş verənlər Azərbaycan əleyhinə aparılan təbliğat
müharibəsidir və ilk növbədə, gələcək potensial müttəfiqləri və beynəlxalq
arenadakı tərəfdaşlarımızı qorxutmaq məqsədi güdür. Bunda kim maraqlıdır?
Cavab – çoxları. Və ermənilərin bu siyahıda birinci olmadıqlarını demək lazımdır.
BEYNƏLXALQ QANUNLARA NİYƏ YALNIZ BİZ ƏMƏL ETMƏLİYİK?
Bu sual çoxdan havada asılı qalıb və yüz minlərlə Azərbaycan vətəndaşını
düşündürür. Nəyə görə, ABŞ konqresi Azərbaycan əleyhinə 709-cu düzəlişi qəbul
edir, torpaqlarımızı işğal etmiş terrorçulara maliyyə yardımı göstərir, Bakı-Tbilis-
Qars dəmir yolunun çəkilməsinə maddi yardım göstərməyi ABŞ şirkətlərinə
yasaqlayır, biz isə, nəisə bir qarşılıqlı addım ata bilmirik?
Nəyə görə, İnterpol erməni hərbi canilərini, işğal edilmiş ərazilərimizdə
qanunsuzluq edən üzdəniraq “bloqger”, ispan, ingilis və d. “arxeoloqlara” qarşı
Bakının təqib olunma barədə tələblərini rədd edir, biz isə, indiyədək İnterpolun
üzvüyük?
Fransa, ispan, Kanada, İsveçrə rəsmiləri və d. işğal edilmiş ərazilərimizə səfərlər
edirlər, erməni separatçı terrorçularına aşkar dəstək verirlər. Biz isə, hətta QHT
səviyyəsində Korsika, Baskoniya, Kataloniya, Kvebek, Yura kontonu və d.
separatçı region və siyasətçilərlə körpülər qurmağa cürət etmirik, niyə?
Görünən budur ki, bizim qanun sevdalılığımızı qorxaqlığımız, acizliyimiz kimi
dəyərləndirirlər. Atalar misalı ilə desək, özlərini dəliliyə vururlar ki, onların dərdini
biz çəkək. İndi bu hoqqabazlıq nə qədər çəkəcək? Nə zaman biz cürətə gəlib onlara
adekvat cavab verəcəyik ki, qoy bizdən çəkinib, bizim dərdimizi çəksinlər?!
Qarxunlu
“Millətçilik” qəzeti