Ermənistan parlamentinin qarşısında xeyli sayda insanın iştirakı ilə aksiya keçirilir. Aksiyaçılar ölkə baş nazirinin ikinci dəfə seçilməsinə zərurət yaranacağı təqdirdə qanunvericilik orqanının buraxılmasını əngəlləməyə imkan verən qanun layihəsinin qəbuluna etiraz edirlər.
Deputatlar İrəvan sakinlərinin əhatəyə aldığı binanı tərk edə bilmir.
Bu gün Ermənistan parlamenti “Parlamentin reqlamenti haqqında” qanuna düzəlişlər edilməsi barədə qalmaqallı qanun layihəsini ikinci oxunuşda qəbul edib.
Layihənin lehinə 67 deputat səs verib. Növbədənkənar iclas bir neçə dəqiqə davam edib, baş nazir Nikol Paşinyanın çağırışı ilə “Yelk” (Çıxış) fraksiyası səsvermədə iştirak etməyib.
Qeyd edək ki, qanun layihəsi baş nazir ikinci dəfə seçilməli olduqda və səsvermə günü prosesi çətinləşdirəcək hər hansı vəziyyət yarandıqda (məsələn, Parlamentin fəaliyyəti dayandırıldıqda) parlamentin ləğv edilməsinin qarşısını almağı nəzərdə tutur.
Paşinyan bu qanun qəbul ediləcəyi təqdirdə “rəsmi olaraq əksinqilabın” başlaması anlamına gələcəyini söyləyib.