“Ermənistan beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəliklərə və ölkələrarası müəyyən edilən qaydalara etinazsızlıq göstərir. Törədilən cinayətlər insanlıq, bəşəriyyət əleyhinədir. Ermənistanın etdikləri təkcə azərbaycanlılara qarşı deyil, bötüvlükdə bəşəriyyətə qarşı törədilən cinayətdir”.
“Report” xəbər verir ki, bunu bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclasda Azərbaycan Milli Məclisinin sədr müavini, Dövlət Komissiyasının üzvü Bahar Muradova deyib.
B.Muradova bildirib ki, Azərbaycan Ermənistanın təcavüzkar, vandal üzünü ardıcıl, məqsədyönlü şəkildə dünya ictimaiyyətinə çatdırır: “Bu isə beynəlxalq təşkilatları ciddi narahat etmir, biz bunun şahidiyik. İnsanlıq əleyhinə törədilən cinayətlərin qarşısının alınması, bu cinayətləri törədənlərin cəzalandırılması Azərbaycan dövlətinin üzərinə götürdüyü öhdəlikdir. Dövlət Komissiyasının son 25 ildə gördüyü işlər bu konteksdə dəyərləndirilməlidir”.