Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində vəziyyətin gərginləşdirilməsi məqsədilə Şuşa rayonunun Allahqulular kəndi istiqamətindəki torpaq yolda Ermənistan tərəfindən növbəti təxribat törədilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aprelin 22-si saat 17:00 radələrində Allahqulular kəndi ətrafındakı yüksəkliklərdə yerləşən mövqelərimizə təminat vasitələrini daşıyan Azərbaycan Ordusunun hərbi yük maşını ermənilər tərəfindən qəsdən yolun hərəkət istiqamətində basdırılmış minaya düşərək partlayıb. Nəticədə avtomobilin sürücüsü və maşın başçısı yaralanıb, nəqliyyat vasitəsi sıradan çıxaraq yararsız vəziyyətə düşüb. Yaralılara dərhal yardım göstərmək üçün gələn hərbi qulluqçulardan biri də piyada əleyhinə minaya düşərək xəsarət alıb.
Minaya düşən üç hərbi qulluqçumuza təxirəsalınmaz tibbi yardım göstərilib.
Hadisə barədə Rusiya sülhməramlı kontingentinin və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirir ki, baş vermiş hadisəyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.