Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) oktyabrın 14-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlunun şəhid olması ilə bağlı məlumat yayıb.
Bu barədə AZƏRTAC-a XİN-in Mətbuat xidməti idarəsindən bildirilib.
Məlumatda deyilir: “Bu terror-təxribat əməlini kəskin şəkildə qınayırıq. Ermənistanın dəstəklədiyi qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən bu təxribat Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərinin kobud pozulmasıdır və bölgədəki vəziyyətin gərginləşdirilməsinə xidmət edir.
Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirildiyi bir vaxtda erməni silahlı dəstələrinin törətdiyi bu təxribat Ermənistan tərəfinin revanşist mövqeyini nümayiş etdirməklə yanaşı, Rusiya sülhməramlılarının fəaliyyətinə əngəl törətmək cəhdlərini göstərir.
Allah Şəhidimizə rəhmət eləsin”.