Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistanın təxribatları nəticəsində sentyabrın 27-dən dekabrın 7-dək dinc əhaliyə qarşı törədilmiş cinayətlərin statistikasını təqdim edib.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 100 nəfər həlak olub, 416 nəfər isə xəsarət alıb. Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 4186 ev, 135 çoxmənzilli yaşayış binası və 548 mülki obyekt yararsız vəziyyətə düşüb.
Qeyd edək ki, Vətən Müharibəsində rəşadətli Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutub.