Şabranda havanın küləkli olması yanğının söndürülməsinə mane olur.
Bu barədə “Report”a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Şabran rayonu, Ağalıq kəndi ərazisində əkin sahəsində başlayan yanğın sonradan havanın küləkli olması səbəbindən meşə fondu torpağına keçib.
Hadisə yerində olan Meşələrin İnkişafı Xidmətinin rəisi Xalıqverdi Hüseynov bildirib ki, hazırda ETSN-in yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində təxirəsalınmaz tədbirlər görülür:
“Təəssüf ki, külək yanğının qarşısını almağa mane olur, bütün əməkdaşlarımız, yerli sakinlər, yoldan keçən insanlar, hamı köməklik göstərir. Bir nəfərin fikirləşmədən əkin sahəsinə od vurması fəlakətə sabəb olub. Yanğının qarşısının alınması üçün birgə mübarizəmiz davam etdirilir”.