Gənclər və idman naziri Fərid Qayıbov ötən ay ərzində qitə və dünya çempionatlarında, nüfuzlu beynəlxalq yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşüb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Milli Gimnastika Arenasında təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Ardınca “Azərbaycan Respublikasının İdman Ustası” dərəcəsinə layiq görülmüş bəzi idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib.
Daha sonra Fərid Qayıbov beynəlxalq arenalarda uğur qazanan idmançıları təbrik edib və yeni uğurlar arzulayıb.
Ay ərzində yarışlarda əldə olunmuş nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.
Batut gimnastikası, cüdo, karatenin WKF, kyokuşin, aşihara koşiki və kudo növləri, MMA, taekvondo, parataekvondo, paracüdo və stolüstü tennis idman növlərinin təmsilçiləri çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər. Yığma komandaların məşqçiləri isə idmançıların hazırlıq prosesi və uğurları barədə danışıblar.
Görüşdə nazir müavini Mariana Vasileva da iştirak edib.