Məndə də olan məlumata görə, Hüseyn Abdullayev Avropada Azərbaycan dövlətinə qarşı sərt mövqe nümayiş etdirib, barışmaz mövqe ortaya qoyub. Açıqlamaları, sosial şəbəkələrdə yazdıqları yetərlidir ki, onun nə düşündüyünü, nə dediyini biləsən, nəticə çıxarasan.
Türk.az xəbər verir ki, bu sözləri millət vəkili Fəzail Ağamalı “Yeni Müsavat”a verdiyi geniş müsahibəsində bir müddət aralarında yaranmış problemə görə Milli Məclisdə davaya qalxdığı keçmiş həmkarı Hüseyn Abdullayevlə bağlı danışarkən deyib.
F.Ağamalı bildirib ki, hazırda həbs edilən keçmiş həmkarına Allahdan ancaq ağıl arzu edir.
Onun sözlərinə görə, Hüseyn Abdullayev 90-cı illərin axırına qədər heç kim olub:
“İnsanın ən böyük faciəsi ondadır ki, o, çaşır, hansısa səbəbdən ağlını itirir. Onun haqqında danışmaq mənə heç də xoş deyil. O, ulu öndərin himayəsi nəticəsində böyük varidata sahib oldu, böyük maliyyə imkanları əldə etdi. O, maliyyə imkanlarını idarə etmədi, əksinə, böyük maliyyə, böyük pul onu artıq özünün köləsinə çevirdi. Nəticədə o, bu pulu, bu imkanları ona verən dövlətin üzərinə getdi. Dövlətin üzərinə getdiyi üçün öz cavabını almalı idi. O, mənim timsalında cavabını da aldı. Ancaq biz səmimi ayrıldıq. Yəni məndən üzr istədi, mən də onu bağışladım. Əl tutduq, görüşdük və bununla da bitdi. Düşündük ki, oldu da, yəqin öz səhvini başa düşdü. Əgər doğrudan da, mətbuatın yazdığı kimi, o, Avropada dövlətin ona vermiş olduğu imkanlardan istifadə edib, dövlətin əleyhinə, antiazərbaycan qüvvələrin içərisində yer alırsa, bu, artıq onun faciəsidir. Bu faciəni yaşamağı mən heç kimə arzulamıram. Ancaq bu faciəni kimsə yaşayırsa, artıq o, taleyi ilə barışmalıdır”.