Türk dünyası ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, eyni zamanda, Türk dünyası əleyhinə dezinformasiya ilə mübarizə aparmaq istiqamətində bu gün mühüm addım atıldı. Türk Xəbər Agentlikləri Alyansının (ATNA) olduqca əhəmiyyətli işlərə imza atacağına inanıram.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun İstanbulda Azərbaycan mediasına müsahibəsində deyib.
Fahrettin Altun Alyansın Türk Dövlətləri Təşkilatına üzv beş ölkənin xəbər agentliklərinin birgə fəaliyyəti sayəsində media sahəsində əməkdaşlıqların inkişafına təkan verəcəyinə əminliyini bildirib: “Bu gün informasiya mübarizəsinin geniş aparıldığı bir dünyada yaşayırıq. Təəssüf ki, bu informasiya mübarizəsi dezinformasiyaya da səbəb olur. Bizim əsas vəzifəmiz doğru xəbəri dünyaya yaymaqla yanaşı, həm də bizi hədəf alan dezinformasiyaya qarşı mübarizə aparmaqdır”.
Türk Dövlətləri Təşkilatının yaşadığımız qeyri-müəyyənlik dövründə sözün əsl mənasında olduqca əhəmiyyətli platforma olduğunu vurğulayan Fahrettin Altun qeyd edib: “Türk Dövlətləri Təşkilatının dünyada sabitlik, sülh və rifahın bərqərar olmasında əhəmiyyətli rol oynayacağına inanırıq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bunu hər zaman ifadə edir. Bizim “Türkiyə Yüzilliyi” baxışımızla ölkələrimizin liderlərinin sonuncu Zirvə görüşündə ortaya qoyulan “Türk Çağı” baxışının üst-üstə düşdüyünü gördük. Biz də media və informasiya sahəsində fəaliyyətimizi bu baxışa uyğun davam etdirəcəyik”.