Milli Məclisin plenar iclasında çıxış edən deputat Bəhruz Məhərrəmov vurğulayıb ki, həmkarı Fazil Mustafaya qarşı terror hücumu bütövlükdə Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanlarını nəyəsə məcbur edilməsinə hesablanmış addım idi:
“Amma Azərbaycan sabit, əməliyyat şəraiti dövlətin nəzarətində olan, ictimai qayda, ictimai təhlükəsizlik tam təmin olunmuş bir ölkədir. Prezident İlham Əliyev uzunmüddətli fəaliyyət və nəhayət 44 günlük savaşla elə bir geosiyasi konfiqurasiya yaradıb ki, bu bölgədə proseslərin ümumi gedişatını Azərbaycan müəyyən edir. Bu kimi terror aktları, bu terrorun ardınca ölkə daxilində xəyanətkar bağırışmalar nəyisə dəyişə bilməz.
Bildiyiniz kimi, Fazil Mustafaya qarşı terror hücumunda təqsirli bilinən şəxslər ən qısa zamanda yaxalandı. Bu hər kəsə, ələxsus İranın Azərbaycandakı digər tör-töküntülərinə dərs oldu. Təbii ki, bu, son deyil, Dövlət molla rejiminin Azərbaycandakı manqurtlarına, şəxsinə aid bəzi şeyləri Qumda buraxıb Tehranda axtaran dövlət düşmənlərinə münasibətdə əməliyyat tədbirləri bundan sonra da qətiyyətlə davam ediləcək”.
Deputat Əli Məsimli həmkarı F.Mustafa qarşı edilən terror aktını iyrənc olduğunu bildirib:
“Ona qarşı edilən bu hücum deputatın timsalında Azərbaycan dövlətinə qarşı yönələn addımdır və bunu qətiyyətlə pisləyirik. Onlar bu hərəkətləri ilə xalqımız arasında xof yaratmaq, guya ölkəmizdə təhlükəsizlik məsələlərinin zəif olması təəssüratı yaratmaq istəyirdilər. Lakin onların bu istəyi əks effekt verdi. Aidiyyəti güc strukturları qısa zamanda peşəkarlıqlarını yüksək səviyyədə yerinə yetirməklə həmin şəxsləri ifşa etməyə nail oldu. Güman edirik ki, onların bu istiqamətdə gördükləri iş həmin şəbəkələrin axırına çıxana qədər davam edəcək.
Fazil Mustafaya şəfa diləyirəm”.