ABŞ-nin Federal Ehtiyat Sistemi növbəti dəfə baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlayıb.
“Report” xəbər verir ki, bu barədə Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasının yekunlarına dair məlumatda deyilir.
Eyni zamanda, nizamlayıcı ABŞ-nin cari il üçün ÜDM artımı proqnozunu 1,4 %-dən 2,1 %-ə qədər yaxşılaşdırıb. 2025-ci ildə FED indi əvvəllər gözlənildiyi kimi 1,8 % deyil, 2 % artım proqnozlaşdırır.
FED ölkədə inflyasiya proqnozunu 2,4 % səviyyəsində saxlayıb, 2025-ci il üçün isə onu 0,1 % artıraraq 2,2 %-ə çatdırıb.
Xatırladaq ki, Federal Ehtiyat Sistemi yanvarın 31-də də baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlamışdı. Qərar komitə üzvləri tərəfindən yekdilliklə qəbul edilmişdi, əksər analitik və iqtisadçıların gözləntiləri ilə üst-üstə düşmüşdü.
Qeyd edilir ki, bu göstərici son 23 ilin ən yüksək səviyyəsinə çatıb.