Gəncə şəhərinin Yeni Gəncə və Sadıllı qəsəbələrində bir sıra fərdi yaşayış evləri, həyətyanı sahələr və digər ərazilərin subasmaya məruz qalması, həmçinin Gəncə şəhərində parkın ərazisində yaradılmış süni göldə suyun səviyyəsinin artması ilə ətraf ərazilərə yaranan təhlükə ilə bağlı Fövqəladə Hallar Nazirliyin (FHN) Gəncə Regional Mərkəzi və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal müvafiq tədbirlərin görülməsinə başlayıb.
Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Görülmüş tədbirlər nəticəsində Yeni Gəncə və Sadıllı qəsəbələrində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Gəncə şəhərindəki süni göldə suyun səviyyəsinin azaldılması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.