Ötən gündən başlayaraq ölkə ərazisində müşahidə edilən güclü küləyin törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq qüvvələri zəruri tədbirlərin görülməsini təmin ediblər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, FHN-in 112 – qaynar telefon xəttinə daxil olan məlumat əsasında güclü külək səbəbindən paytaxtın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının xarici divarına bərkidilən kondisionerin qoparaq asılı vəziyyətdə qalan mühərrik hissəsi və Səbail rayonunun Neftçilər prospektində dördmərtəbəli yaşayış binasının dam örtüyünün qoparaq asılı vəziyyətdə qalmış hissəsi dərhal əraziyə cəlb olunan FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən müvafiq qaydada götürülərək ətrafdakı insanlar üçün yaranmış təhlükə aradan qaldırılıb.
Bundan başqa, Nəsimi rayonunun Mərdanov Qardaşları küçəsində aşaraq vətəndaşların sərbəst hərəkətinə maneə yaradan ağac əraziyə cəlb edilən Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən ərazidən götürülərək vətəndaşların sərbəst hərəkəti təmin edilib.
Eyni zamanda, FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri Yasamal rayonunun Ələsgər Ələkbərov küçəsində beşmərtəbəli yaşayış binasının damından asılı vəziyyətdə qalan yağış sularının axıdılması üçün nəzərdə tutulan təqribən dörd metr uzunluğunda olan dəmir borunu xüsusi vasitələrlə kəsərək götürüb və sakinlərin təhlükəsizliyini təmin ediblər.