Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən paytaxtın Səbail rayonunun Salyan şosesi 5-ci döngə, ev 6 ünvanındakı “İstanbul Təmizlik və Kosmetik” MMC-yə məxsus təmizlik və kosmetik vasitələrin istehsalı obyektində yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcudluğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyənləşdirilib. Belə ki, obyekt yanğın su hovuzu, daxili yanğın su kranları və avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi ilə təmin edilməyib, obyektin təxliyə yolları normaya uyğun deyil, elektrik təsərrüfatına profilaktik baxış keçirilərək nəticəsi barədə sınaq aktı tərtib edilməyib, obyektin anbar otaqları yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun saxlanılmayıb. Həmçinin fərdi yaşayış evi kimi inşa edilmiş, lakin hazırda qeyri-yaşayış sahəsi kimi fəaliyyət göstərən obyektin təyinatının dəyişdirilməsi və yenidən qurulması zamanı tikinti-layihə sənədləri Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb, obyekt ilkin yanğınsöndürmə avadanlıqları ilə təmin edilməyib, taxta konstruksiyalı elementlər və parçalar odadavamlı məhlulla hopdurulmayıb. Eləcə də obyektin işçilərinin təlimatlandırılması üçün təlimat jurnalı tərtib edilməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkarlanmış Bakı şəhərinin Səbail rayonunun Salyan şosesi 5-ci döngə, ev 6 ünvanındakı “İstanbul Təmizlik və Kosmetik” MMC-yə məxsus təmizlik və kosmetik vasitələrinin istehsalı obyektində işlərin və xidmətlərin göstərilməsinin qismən dayandırılması barədə qərar qəbul olunub. Qərarın bir nüsxəsi isə obyektin nümayəndəsinə təqdim edilib.