Fövqəladə Hallar Nazirliyi (FHN) ötən gün axşam saatlarında Xəzər dənizində baş verən hadisə ilə bağlı məlumat yayıb.
FHN-dən AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, iyulun 5-də səhər saatlarından nazirliyin Aviasiya dəstəsinin helikopteri cəlb olunmaqla Xəzər dənizində kəşfiyyat uçuşlarına başlanılıb. Uçuş zamanı dənizin Salyan rayonu istiqamətində sahildən təqribən 30 kilometr məsafədə Daşlı adasında ilkin müşahidələrə əsasən palçıq vulkanının püskürməsi faktı aşkarlanıb. Hazırda vulkanın kraterində nisbətən kiçik alov müşahidə olunur. Vulkanın dənizdəki neft-qaz infrastrukturu və digər obyektlər, habelə insan həyatı üçün təhlükəsi yoxdur.
Xatırladaq ki, ötən gün axşam saatlarında sosial şəbəkə və saytlarda Xəzər dənizində yanğının əks olunduğu videolar yayılıb. Bununla bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən dərhal müvafiq araşdırma işlərinə başlanılıb.
İlkin araşdırma zamanı dənizdə neft-qaz hasilatı, digər sənaye və nəqliyyat infrastrukturlarına aid obyektlərdə hər hansı fövqəladə hadisənin baş vermədiyi müəyyən olunub.