Fransanın Nanter şəhərində polis tərəfindən öldürülən yeniyetmənin xatirəsinə keçirilən “Ağ yürüş”ə nəzarət üçün əraziyə helikopter göndərilib.
“Report” “TASS”a istinadən xəbər verir ki, helikopter vaxtaşırı kommunanın ərazisi üzərində uçur.
Öz növbəsində, Paris polisinin prefekturası tviterdə bildirib ki, hüquq-mühafizə orqanları ictimai asayişin qorunması və iğtişaşlarla mübarizə üçün bütün resursları səfərbər edib. Qeyd olunub ki, helikopter Nanter şəhərindəki vəziyyəti müşahidə edərək küçələrdə jandarmların hərəkətlərini koordinasiya edir.
Fransa polisi iğtişaşları yatırmaq üçün Xüsusi Təyinatlı Qüvvələri Nanterə göndərib. Polis şəhər mərkəzini nümayişçilərdən azad etmək üçün gücdən və gözyaşardıcı qazdan istifadə edib. Daxili İşlər Nazirliyinin məlumatına görə, “Ağ yürüş”ün sonunda 7 nəfər saxlanılıb.
Öz növbəsində “BFM” telekanalı Fransa liderinə yaxın mənbəyə istinadən məlumat yayıb ki, Brüsseldə Avropa İttifaqının sammitində iştirak edən Fransa prezidenti Emmanuel Makron 17 yaşlı gəncin polis tərəfindən öldürülməsindən sonra ölkədə baş verən etirazlarla bağlı vəziyyəti diqqətlə izləyir.
Qeyd olunub ki, Makron ölkənin baş naziri Elizabet Born və digər nazirlərlə əlaqə saxlayır.