Fransadan Azərbaycanın xeyrinə daha bir ədalətli qərar

Fransanın Qrenobıl şəhərinin inzibati məhkəməsi bu ölkənin Valans, Bur-le-Valans, Bur-de-Peak departamentləri ilə Azərbaycanın işğal olunmuş torpaqlarındakı inzibati bölgələr arasında imzalanmış “Dostluq haqqında xartiyaları” ləğv edib. Bu barədə “armenews.com” erməni internet resursu məlumat yayıb. Bildirilir ki, məhkəmə sənədi qanunsuz hesab edərək onun ləğvi ilə bağlı qərar çıxarıb. 
Bu xəbər Azərbaycan ictimaiyyətində dərin razılıq hissi ilə qarşılanıb. Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri, politoloq Azər Verdiyev bu barədə fikirlərini bizimlə bölüşdü:
– Bu məlumatı mətbuatdan eşidəndə çox məmnun oldum. Belə ki, Fransa kimi böyük bir dövlətdə xalqımız üçün taleyüklü məsələ olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı növbəti ədalətli bir qərarın qəbul edilməsi çox təqdirəlayiq haldır.
Bu il mayın 29-da Fransanın Serji-Pontuaz inzibati tribunalı da Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı iyunun 4-də ləğv edib. Qrenobıl şəhər məhkəməsinin bu addımı Serji-Pontuaz inzibati tribunalı tərəfindən qəbul edilmiş qərarın məntiqi davamı sayılır.
Qeyd etmək lazımdır ki, son illər Ermənistanın təcavüzkar siyasətinin ağır nəticələri Qərb ölkələrinin ictimaiyyətinə daha yaxından bəlli olur. Hesab edirəm ki, diplomatlarımız bu istiqamətdə fədakarcasına çalışırlar. Belə ki, bu ədalətli qərarlar, fikrimcə, ilk növbədə, Azərbaycan dövlətinin öz xarici siyasət kursunu düzgün qurması nəticəsində mümkün olub.
Sirr deyil ki, Fransada erməni lobbisi uzun illər xeyli güclü olub. Görünür, əsl həqiqəti gizlətmək artıq qeyri-mümkündür. Həqiqət isə budur ki, Ermənistan işğalçı, təcavüzkar dövlətdir və işğal etdiyi suveren qonşu ölkənin ərazilərini geri qaytarmaq istəmir.
Ümid edirəm ki, Fransanın Qrenobıl şəhəri inzibati məhkəməsinin sözügedən “Dostluq haqqında xartiyaları” ləğv etməsi rəsmi İrəvan üçün ciddi xəbərdarlıq olmalıdır. İşğalçı ölkə Dağlıq Qarabağla bağlı öz məkrli siyasətindən əl çəkməlidir. Əks təqdirdə, Azərbaycan xalqı zor gücünə öz tarixi torpaqlarını yağı düşməndən azad edəcək.
Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan dövlətinin Dağlıq Qarabağla bağlı haqlı mövqeyi öz təsdiqini tapır. Lakin heç vəchlə arxayınlaşmaq olmaz. Ölkəmizin hər bir vətəndaşı, bütün vətənpərvər insanlar Qarabağ həqiqətlərini bütün dünyaya yaymağa çalışmalıdır. Dünya işğalçı Ermənistanın əsl xislətindən xəbərdar olmalıdır.

Söhbəti qələmə aldı:
M.HACIXANLI,
“Xalq qəzeti” 

ƏvvəlkiUNESCO-da Bakı Dövlət Universitetinin 100 illiyi qeyd edilib
Növbəti2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyin xülasəsi hazırlanıb